Əsas səhifə » İran nüvə obyektlərinin vəziyyətinə aydınlıq gətirməlidir - Rafael Qrossi

İran nüvə obyektlərinin vəziyyətinə aydınlıq gətirməlidir - Rafael Qrossi

BAKI, AzerVoice

MAQATE Tehrandan Fordo və digər nüvə obyektləri ilə bağlı izahat tələb edib.

AzerVoice xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ABŞ-ın İranda yerləşən üç əsas nüvə obyektinə hava zərbələrindən sonra agentliyin müfəttişlərinin bu obyektlərə qayıtmasını tələb edib və Tehranı obyektlərin vəziyyəti barədə tam açıqlama verməyə çağırıb.

Qrossi MAQATE-nin Vyanada keçirilən Direktorlar Şurasının fövqəladə iclasında bildirib ki, ABŞ-ın zərbələri nəticəsində Fordo nüvə obyektində uranın 60%-ə qədər zənginləşdirildiyi çuxurların dağıldığı ehtimal olunur. Onun sözlərinə görə, istifadə olunan yüksək güclü bombaların yaratdığı təzyiq və vibrasiya nəticəsində mərkəzdənqaçma qurğuları ciddi zədələnmiş ola bilər.

Baş direktor həmçinin vurğulayıb ki, mövcud böhran fonunda dialoq və diplomatiya yolları açıq saxlanmalıdır.

“Əgər bu qapı tamamilə bağlanarsa, bu, qlobal nüvə təhlükəsizliyi sistemində ciddi sarsıntılara səbəb ola bilər”, – deyə Qrossi bildirib.

Qeyd edək ki, iyunun 13-də İsrail İranda hərbi və nüvə obyektlərinə qarşı irimiqyaslı hücumlara başlayıb. Nəticədə İranın yüksək rütbəli hərbçiləri və nüvə alimləri həlak olub. Tehran bu hücumlara cavab olaraq bir sıra hərbi əməliyyatlar həyata keçirib. Regionda gərginlik artmaqda davam edir, bir çox ölkə, o cümlədən Türkiyə, İsrailin hərəkətlərini kəskin tənqid edib.

Digər Kateqoriyalar

2025 © Azervoice