BAKI, AzerVoice
İranın Kirmanşah vilayətində regionda baş verən son hadisələrlə bağlı təhlükəsizliyi pozmaq ittihamı ilə 115 nəfər saxlanılıb.
AzerVoice İran KİV-ə istinadən xəbər verir ki, bu barədə Kirmanşah vilayətinin İctimai prokuroru Həmidrza Kərimi məlumat verib.
"Təhlükəsizlik sahəsində, mənfur İsrail rejiminin təcavüzünün ilk günlərindən etibarən əlaqədar qurumlar xüsusi tədbirlər həyata keçiriblər, yoxlama postları qurulub və rejimə qarşı təbliğat fəaliyyəti aparan şəxslər müəyyənləşdirilib" - deyə, o bildirib.
Prokuror əlavə edib ki, saxlanılan şəxslərdən 54-ü zaminə buraxılıb və məhkəmə rəhbərliyinin və baş prokurorun vurğuladığı kimi, bu şəxslərin işlərinə qanun çərçivəsində təcili şəkildə baxılacaq.
O bildirib ki, saxlanılanlardan biri Avropa ölkələrindən birinin vətəndaşıdır və casusluq ittihamı ilə haqqında cinayət işi açılıb.
O əlavə edib ki, indiyədək pilotsuz uçuş aparatları (PUA) ilə bağlı heç bir şəxs saxlanılmayıb. Saxlanılanların az bir hissəsi casusluq fəaliyyəti ilə bağlıdır, qalanları isə ölkə əleyhinə təbliğat aparmaqda ittiham olunur və hər biri haqqında ittihamın xarakterinə uyğun hökm çıxarılacaq.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.
Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.
ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki qeydə alınmayıb, ciddi dağıntı da olmayıb.
ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, İsrail və İran tam atəşkəsə razılıq veriblər. İsrail hakimiyyəti ABŞ-ın təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bəyan edib.