BAKI, AzerVoice
Üçüncü Dünya Müharibəsi ehtimalı artır.
AzerVoice xəbər verir ki, Rusiya
prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi
Forumunda çıxışı zamanı qlobal təhlükəsizliklə bağlı
narahatlıqlarını ifadə edib.
O, Ukrayna münaqişəsi, Yaxın Şərqdəki vəziyyət və İran ətrafındakı
risklərin Üçüncü Dünya Müharibəsi ehtimalını artırdığını
bildirib.
Putin, Rusiya ordusunun Ukraynanın Sumı bölgəsindəki hərəkətləri barədə danışaraq, bu bölgədə təhlükəsizlik zonası yaratmaq zərurətindən söz açıb. “Sərhədlərimizə yaxın ərazilərdən davamlı hücumlar olur. Bu səbəbdən həmin zonalarda mövqe tutmaqdan başqa yolumuz qalmayıb” - deyə o qeyd edib.
Putin həmçinin İsrail-İran qarşıdurmasına toxunaraq, İsrailin Ayətullah Xamneyiyə qarşı hədə-qorxusunu “ümid edirəm, bu, sadəcə ritorikadır” sözləri ilə şərh edib. O bildirib ki, Rusiya hər bir ölkənin təhlükəsizliyinin digərinin təhlükəsizliyinə zərər vermədən təmin edilməsinin tərəfdarıdır.
Rusiya prezidentinin sözlərinə görə, Moskva həm İsrail, həm də İranla mütəmadi təmas saxlayır və bölgədəki gərginliyin azaldılması üçün müəyyən ideyalar təqdim edib. “Biz vasitəçi rolunu üzərimizə götürmək istəmirik, lakin təkliflərimizi paylaşmağa hazırıq”- deyə o qeyd edib.
Qeyd edək ki, Rusiya prezidenti İranın dinc nüvə enerjisi ilə bağlı hüquqlarını dəstəklədiyini, bu məsələdə ölkəsinin mövqeyinin dəyişməz olduğunu bildirib və nüvə obyektləri ətrafındakı durumun təhlükəli inkişaf edə biləcəyinə dair narahatlığını ifadə edib.