BAKI, AzerVoice
İsrail ordusunun sözçüsü Effi Defrin İran əleyhinə hücumların davam etdiyini bildirərək, “uzunmüddətli bir əməliyyata hazırlıqlı olmalıyıq” mesajını verib.
AzerVoice xəbər verir ki, o, bu bəyanatla bölgədə genişmiqyaslı hərbi qarşıdurmanın uzun müddət davam edə biləcəyinə işarə edib.
İsrailin bu gün səhər saatlarında İsfahan əyalətində yerləşən Natanz Nüvə Kompleksini hədəf aldığını bildirən Defrin, obyektin “əlamətdar şəkildə vurulduğunu” iddia edib.
Ordunun İran ərazisinə hava hücumlarının davam etdiyini qeyd edən Defrin əlavə edib ki, İsrail İranın cavab planlarını yaxından izləyir və bütün ehtimallara qarşı lazımi hazırlıqlarını görüb.
Qeyd edək ki, bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran, Təbriz, İsfahandakı Natanz nüvə obyektləri, Luristan və Kirmanşah şəhərlərinə hava hücumları təşkil edib.
Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami və 6 nüvə alimi həlak olub. Eyni zamanda, mülki obyektlərin də hədəf alındığı bildirilir.