Əsas səhifə » Qəzzada Emel Xəstəxanası fəaliyyətini dayandırıb - ÜST

Qəzzada Emel Xəstəxanası fəaliyyətini dayandırıb - ÜST

BAKI, AzerVoice

Qəzzanın cənubundakı Emel Xəstəxanası fəaliyyətini dayandırıb.

AzerVoice xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzzanın cənubundakı Xan Yunis şəhərində yerləşən Emel Xəstəxanasının İsrailin intensiv hücumları səbəbilə fəaliyyətini dayandırdığını açıqlayıb.

Tedros Adhanom Ghebreyesus sosial şəbəkə platforması X-dəki paylaşımında bildirib ki, hücumların xəstəxana ətrafında artması səbəbilə Emel Xəstəxanası artıq xidmət göstərə bilmir. Onun sözlərinə görə, tibb müəssisəsinə girişin əngəllənməsi daha çox qarşısı alına biləcək ölümlərə səbəb olur.

Qebreyesus əlavə edib ki, xəstəxanada hələ də müalicəyə ehtiyacı olan pasiyentlər qalır, lakin yeni xəstələrin qəbulu mümkün deyil. O, Emel Xəstəxanasının bağlanması ilə Nasser Xəstəxanasının Xan Yunisdə reanimasiya bölməsi olan yeganə səhiyyə müəssisəsinə çevrildiyini vurğulayıb.

Qeyd edək ki, ÜST rəhbəri bir daha dərhal atəşkəsə çağırış edərək, səhiyyə obyektlərinin qorunmasının və həyati dərmanlara, tibbi ləvazimatlara maneəsiz çıxışın təmin edilməsinin zəruriliyini qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice