BAKI, AzerVoice
Rusiya və Ukrayna arasında İstanbulda razılaşdırılmış məhbus mübadiləsinin ilk mərhələsi başa çatıb.
AzerVoice xəbər verir ki, Rusiya və
Ukrayna arasında İstanbulda keçirilən danışıqlarda razılaşdırılmış
humanitar məhbus mübadiləsinin birinci mərhələsi yekunlaşıb.
Rusiya Müdafiə Nazirliyi 25 yaşdan aşağı olan rus hərbçilərinin ilk
qrupunun Ukraynadan geri alındığını təsdiqləyib.
Nazirliyin açıqlamasına görə, məhbuslar hazırda Rusiyanın müttəfiqi olan Belarusda yerləşdirilib və daha sonra reabilitasiya və müalicə məqsədilə Rusiyaya gətiriləcəklər. Lakin geri alınan məhbusların dəqiq sayı açıqlanmayıb.
Digər tərəfdən, Ukrayna Prezidenti Vladimir Zelenski sosial şəbəkə hesabında etdiyi paylaşımda məhbus mübadiləsinin başladığını təsdiqləyib və bu prosesin yaxın günlərdə bir neçə mərhələ ilə davam edəcəyini bildirib. Onun sözlərinə görə, Ukraynaya qaytarılanlar arasında yaralılar, ağır yaralılar və 25 yaşdan kiçik şəxslər də yer alır.
Zelenski paylaşımında “İstanbul danışıqlarında əldə olunan humanitar razılaşmaların tam şəkildə həyata keçirilməsini gözləyirik. Biz bütün vətəndaşlarımızı geri qaytarmaq üçün səylərimizi davam etdiririk,” – deyə qeyd edib.
Qeyd edək ki, iyunun 2-də Türkiyənin ev sahibliyi ilə İstanbulda baş tutan danışıqlarda Rusiya və Ukrayna arasında 6 min ukraynalı əsgərin donmuş cəsədlərinin təhvil verilməsi, eləcə də ağır yaralı və xəstə əsirlər, eləcə də 25 yaşdan aşağı olan əsir hərbçilərin qarşılıqlı dəyişdirilməsi barədə razılıq əldə olunmuşdu.