BAKI, AzerVoice
Suriya SWIFT beynəlxalq ödəniş sisteminə yenidən qoşulacaq.
AzerVoice xəbər verir ki, bu barədə Suriya Mərkəzi Bankının sədri Əbdulkadir Husrih Financial Times qəzetinə verdiyi müsahibədə bildirib.
“Bir neçə həftə içində SWIFT beynəlxalq ödəniş sisteminə geri dönəcəyik. Suriya 14 illik fasilədən sonra qlobal iqtisadiyyatla yenidən əlaqə quracaq” - deyə Husrih bildirib.
O, Suriya iqtisadiyyatını bərpa etmək üçün geniş bir yol xəritəsi hazırladıqlarını bildirib. Suriya Mərkəzi Bankının sədri, maliyyə sistemini və pul siyasətini yenidən quraraq, xarici investisiyaları cəlb etməyi, ticarətin qarşısındakı maneələri aradan qaldırmağı, valyutanı normallaşdırmağı və bank sektoru üzrə islahatlar həyata keçirməyi hədəflədiklərini söyləyib. Bu çərçivədə aparılan planlar, Bəşşar Əsəd dövründəki iqtisadi tənəzzülün ardından yeni bir başlanğıc kimi qiymətləndirilir.
“Yenidənqurma və infrastruktur üçün gözlənilən birbaşa xarici investisiya nəzərə alınaraq ölkənin maliyyə mərkəzi olaraq markasını inkişaf etdirməyi hədəfləyirik. Vacib irəliləyişlər əldə edilsə də, hələ də çox iş görülməlidir” - deyə, Husrih bildirib.