BAKI, AzerVoice
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai İsrail rejiminin Livanın paytaxtı Beyrutun cənub məhəllələrinə Qurban Bayramı ərəfəsində endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib.
AzerVoice-un məlumatına görə, Bəqai bu hava hücumlarını Livanın ərazi bütövlüyünə və suverenliyinə açıq-aşkar təcavüz adlandırıb.
O bildirib ki, İsrailin Livana qarşı təkrarlanan təcavüz aktları BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi fonunda baş verir.
Bəqai əlavə edib ki, ABŞ və Fransa Livanla İsrail arasındakı atəşkəsin zəmanətçiləri kimi atəşkəsə riayət edilməsinə görə birbaşa məsuliyyət daşıyır.
“ABŞ-ın açıq və gizli dəstəyi olmasaydı, İsrail rejimi beynəlxalq hüququ və BMT Nizamnaməsini bu qədər açıq şəkildə pozmağa cəsarət etməzdi” – deyə o vurğulayıb.
Bəqai BMT Təhlükəsizlik Şurasını İsrailin Livandakı atəşkəs pozuntularına qarşı məsuliyyətini yerinə yetirməyə çağırıb.
İran rəsmisi həmçinin İsrail rejiminin regiondakı hərbi təcavüzünün, o cümlədən Livana qarşı hücumlarının müsəlman ölkələrinin müdafiə qabiliyyətlərini gücləndirməklə öz müstəqillik və suverenliklərini qorumağa yönəlmiş ləyaqətli müqavimətin vacibliyini göstərdiyini bildirib.
Qeyd edək ki, İsrail ordusu Qurban Bayramı ərəfəsində Beyrutun cənub məhəllələrinə dəfələrlə hava zərbələri endirib. Bu, ötən ilin noyabr ayında qüvvəyə minən atəşkəsdən sonra İsrailin Livan paytaxtını dördüncü dəfə bombalamasıdır.