BAKI, AzerVoice
İtaliyanın Siciliya adasında yerləşən Avropanın ən böyük və aktiv
vulkanı Etna dağı bu həftə yenidən püskürüb.
AzerVoice xəbər verir ki, bu püskürmə
əvvəlkilərdən fərqli olaraq nadir bir hadisə – piroklastik axınla
müşayiət olunub.
İyunun 2-də, bazar ertəsi baş verən püskürmə zamanı vulkanın cənub-qərb kraterindən sürətlə axan qaz, kül və qaya parçalarından ibarət piroklastik axın müşahidə edilib. Bu cür axınların görünməsi Etna üçün nadir hal sayılır. Ən son bu tip püskürmə 2022-ci il fevralın 10-da qeydə alınmışdı.
Yerli vaxtla saat 10:00-da başlayan püskürmə lava və külün
kilometrlərlə səmaya yayılması ilə müşayiət olunub. Saat 11:23-də
isə püskürmə pik həddinə çatıb. Qarla qarışan maqmanın yaratdığı
piroklastik axın cəmi bir dəqiqə ərzində 2 kilometr məsafə qət
edərək Aslan Vadisinə yayılıb. Axın yalnız təbii mühafizə zonası
daxilində qalıb və yaşayış məntəqələrinə təhlükə yaratmayıb.
Hazırkı püskürmə mart ayından bəri Etna vulkanında baş verən 14-cü
vulkanik aktivlikdir. İtaliya rəsmiləri püskürmənin nə insan
itkisinə, nə də təxliyəyə səbəb olduğunu bildiriblər. Vulkanın
ictimaiyyət üçün ciddi təhlükə yaratmadığı vurğulanır.
Qeyd edək ki, Etna vulkanında oxşar piroklastik axınlar daha əvvəl 2021-ci ilin oktyabrında, 2020-ci ilin dekabrında və 2014-cü ilin fevralında da müşahidə edilib.