BAKI, AzerVoice
İtaliyanın Siciliya adasında yerləşən və Avropanın ən aktiv vulkanlarından biri olan Etna dağı bu səhər növbəti dəfə püskürüb.
AzerVoice xəbər verir ki, püskürmə nəticəsində göyə qalxan kül buludları 5 kilometr hündürlüyə çatıb, lava axınları isə dağın yamaclarına doğru hərəkət edib.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya şöbəsinin məlumatına görə, dağın 2900 metr hündürlüyündə yerləşən cənub-şərq kraterində baş verən çökmə nəticəsində güclü püskürmə qeydə alınıb. Hazırda vulkanda intensivlik artmaqda davam edir.
Püskürmə Aslan dərəsi yaxınlığında yerləşən əraziləri əhatə edib. Hadisə zamanı bölgədə olan turistlər və yerli sakinlər təhlükədən yayınmaq üçün ərazidən uzaqlaşmağa başlayıblar. Sosial mediada yayılan görüntülərdə insanların panik içində qaçdığı əks olunub.
Vulkanik aktivlik səbəbilə bölgədən keçən hava nəqliyyatı üçün “qırmızı kod” və “narıncı aviasiya xəbərdarlığı” elan edilib. Tüstü buludlarının ölkənin cənub-qərbinə doğru sürüşdüyü müşahidə olunub.
Qeyd edək ki, 3300 metr hündürlüyə malik Etna dağı bu ilin fevral, aprel və may aylarında da intensiv şəkildə püskürmüşdü. Mütəxəssislər yaxın günlərdə daha çox püskürmə hallarının müşahidə oluna biləcəyini istisna etmir.