BAKI, AzerVoice
Ukrayna və Rusiya nümayəndə heyətlərinin apardığı danışıqlar çərçivəsində 6 min əsgərin geri qaytarılması nəzərdə tutulur.
AzerVoice xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Naziri və eyni zamanda nümayəndə heyətinin rəhbəri Rustem Umerov verdiyi açıqlamada bildirib.
O, Rusiya ilə əsir mübadiləsi mövzusunda bəzi kateqoriyalara diqqət ayırmağa hazır olduqlarını bildirib. Həmçinin, iki ölkə arasındakı əsas məsələlərin yalnız liderlər səviyyəsində həll oluna biləcəyini vurğulayıb.
Nazir, bir neçə gün əvvəl Rusiya ilə Ukrayna münaqişəsinin həlli məsələsinə dair memorandumu paylaşdıqlarını, lakin Moskva tərəfindən hələ cavab almadıqlarını bildirib.
Bu gün keçirilən görüşlərdə Rusiya heyətinin atəşkəsin təmin edilməsi ilə bağlı Ukraynaya bir sənəd təqdim etdiyini, həmin sənədin araşdırılması üçün bir həftəlik vaxta ehtiyac duyulduğunu və sonrakı addımları koordinasiya edəcəklərini söyləyən Umerov, bütün əsirlərin və Ukraynalı uşaqların azad edilməsini tələb etdiklərini qeyd edib.
"Ağır yaralanmış və xəstəlikləri olan əsirlərin azad edilməsini nəzərdən keçiririk. İkinci kateqoriya isə 18-25 yaş arası gənc əsgərlərdir. Hədəfimiz hər kəs üçün hər kəsdir. Bu çərçivədə 6 min əsgərin də geri qaytarılması nəzərdə tutulur" - deyə, Umerov bildirib.
O, həmçinin, Rusiyaya bir neçə yüz Ukraynalı uşağın siyahısını da təqdim etdiklərini və bu məsələnin Ukrayna üçün son dərəcə vacib prioritet olduğunu qeyd edib.
"Əgər Rusiya bu sülh prosesinə həqiqətən sadiqdirsə, həmin uşaqların heç olmasa yarısının geri qaytarılması müsbət bir göstərici olacaq", - Nazir vurğulayıb.
Qeyd edək ki, bugün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri görüş keçiriblər. Görüşə Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edib. Sammit çərçivəsində tərəflər arasında atəşkəs şərtləri, hərbi əsirlərin dəyişdirilməsi və gələcək liderlər görüşü üçün hazırlıqlar müzakirə olunub. Görüşdə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.
Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Kostyukov daxil olub. Ukrayna tərəfini isə müdafiə naziri Rustem Umerov, xarici işlər nazirinin birinci müavini Sergiy Kislitski və kəşfiyyat xidmətlərinin nümayəndələri təmsil edib.