BAKI, AzerVoice
“Qara dəniz sülh, azad ticarət və sərbəst naviqasiya dənizi olmalıdır.”
AzerVoice xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andrii Sybiha Türkiyənin xarici işlər naziri Hakan Fidanla Kiyevdə keçirdiyi birgə mətbuat konfransında çıxış edərək, Qara dənizdə təhlükəsizliyin təmin olunmasının Ukrayna və Türkiyə üçün ortaq prioritet olduğunu bildirib.
Sybiha qeyd edib ki, Rusiya ilə sülh danışıqlarının davam etməsi üçün Moskva tərəfindən ilkin olaraq atəşkəs memorandumu təqdim edilməlidir. O, sülh danışıqlarının davam etdirilməsində Türkiyənin rolunu yüksək qiymətləndirib və prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüslərinə görə təşəkkürünü bildirib.
Nazir, Ukraynanın ərazi bütövlüyünün bərpası və suverenliyinin qorunmasında Türkiyənin dəstəyini önəmli sayaraq, Krım Tatarlarının haqları ilə bağlı Ankara ilə ortaq mövqelərinin davam etdiyini qeyd edib.
“Qara dəniz sülh, azad ticarət və sərbəst naviqasiya dənizi olmalıdır. Türkiyə bu məsələdə mühüm töhfələr verir,” – deyə Sybiha vurğulayıb.
Nazirlər arasında keçirilən görüşdə Ukraynanın bərpası, müdafiə sənayesi sahəsində əməkdaşlıq və Ukraynada fəaliyyət göstərən türk iş adamlarına dəstək mövzuları da müzakirə olunub. Sybiha bildirib ki, Ukrayna silah istehsalını 35 faiz artıraraq, ordusunun tələbatının 40 faizini daxili imkanlarla qarşılayır.
Nazir Sybiha əlavə edib ki, atəşkəs üçün Rusiya tərəfindən təqdim olunacaq sənəd növbəti görüşlərin məhsuldar keçməsi baxımından zəruridir. “Bu, ABŞ tərəfinə də vəd olunub. İnanırıq ki, bu addım növbəti mərhələdə nəticəyə gətirib çıxaracaq.” - deyə o qeyd edib.
Qeyd edək ki, tərəflər İstanbul sülh danışıqları çərçivəsində əsir mübadiləsi və mümkün liderlər görüşü üçün zəminin yaradılmasını da müzakirə ediblər.