BAKI, AzerVoice
Pakistan, Hindistanın başladığı "Sindoor əməliyyatı"nın ardından əldə olunan atəşkəsə sadiq qalacaq.
AzerVoice xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada ölkənin regional sabitliyin qorunması üçün zəruri addımlar atmaqda qətiyyətli olduğu vurğulanıb.
Nazirlikdən verilən bəyanatda qeyd olunur ki, Hindistan və Pakistan arasında əldə olunan atəşkəs “dost ölkələrin vasitəçiliyi ilə” baş tutub.
"Pakistan, bu razılaşmaya sadiq qalacaq və regionda sabitliyin bərpası üçün öhdəliklərini yerinə yetirməyə davam edəcək" – deyə bildirilib.
Açıqlamada Hindistanın "İndus Suları Müqaviləsi"ni birtərəfli şəkildə dayandırması “qanunsuz və birtərəfli addım” kimi qiymətləndirilib və Pakistanın bu müqavilə çərçivəsindəki hüquqlarını qorumaq üçün bütün zəruri tədbirləri görəcəyi bildirilib.
Pakistanın bölgədəki münaqişələrin BMT Təhlükəsizlik Şurasının qərarları və Kəşmir xalqının iradəsi əsasında sülh yolu ilə həllini dəstəklədiyi də vurğulanıb. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın bu münaqişənin həllinə yönəlmiş səylərinin dəstəkləndiyi açıqlanıb.
Açıqlamanın sonunda regional əməkdaşlıq və beynəlxalq normalara hörmətin vacibliyi qeyd edilib.