BAKI,AzerVoice
Pakistanın xarici işlər naziri İshaq Dar Hindistanla baş verən toqquşmalar zamanı Yeni Dehli rəhbərliyinə qarşı nüvə silahı istifadə edilməsinin heç vaxt mümkün seçimlərdən biri olmadığını açıqlayıb.
AzerVoice xəbər verir ki, Pakistanın özünü müdafiə etmək üçün Hindistanın hücumlarına cavab verməkdən başqa seçimi olmadığını vurğulayan Dar, Hindistanı bölgədə “hakimiyyət qurmağa çalışmaqda” ittiham edib.
O, bütün bu gərginliklərə baxmayaraq, qarşıdurma zamanı nüvə silahı istifadəsinin “müzakirəyə açıq mövzu olmadığını” bildirib.
İshaq Dar atəşkəsdən sonra tərəflər arasında müzakirə olunmalı məsələlərin olduğunu qeyd edərək, hələlik iki ölkə rəsmiləri arasında birbaşa əlaqənin qurulmadığını bildirib.
O, terrorizmin “bütün formalarını” pislədiklərini bildirərək, su problemi ilə bağlı məsələnin həll olunmamasının atəşkəsi təhlükə altına ata biləcəyi barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Hindistan 6 mayda Pakistan ərazilərinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket hücumları təşkil edib. Bu hadisə iki ölkə arasında yeni gərginliyin başlanmasına səbəb olub.
Tərəflər 10 may tarixində ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan edib.