BAKI, AzerVoice
Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala, ABŞ və Çin arasında Cenevrədə keçirilən iki günlük danışıqların nəticələrindən məmnun olduğunu bildirib.
AzerVoice xəbər verir ki, bu barədə ÜTT-nin mətbuat xidmətinin verdiyi açıqlamada deyilirş
“Cenevrədə ABŞ və Çin arasında aparılan danışıqların müsbət nəticələrindən razıyam. Bu müzakirələr mühüm bir irəliləyiş mərhələsini təmsil edir və ümid edirik ki, gələcəkdə uğur üçün zəmin yaradacaq” - deyə, ÜTT-nin baş direktoru qeyd edib.
Onun sözlərinə görə, mövcud qlobal gərginlik şəraitində əldə edilən bu irəliləyiş yalnız ABŞ və Çin üçün deyil, xüsusilə də ən həssas iqtisadiyyatlar daxil olmaqla bütün dünya üçün əhəmiyyətlidir.
Xatırladaq ki, Vaşinqton və Pekin Cenevrədəki iki mərhələli danışıqlar nəticəsində ticarət balansındakı kəsirin azaldılması üzrə razılığa gəliblər.
Qeyd edək ki, hazırda ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi ümumi gömrük rüsumları 145 faiz, Çinin ABŞ məhsullarına cavab olaraq tətbiq etdiyi rüsumlar isə 125 faiz səviyyəsindədir. Bu qarşılıqlı tariflər fonunda Cenevrədə əldə olunan razılaşma, qlobal ticarət münasibətlərinin sabitləşdirilməsi baxımından əhəmiyyətli bir addım kimi qiymətləndirilir.