BAKI, AzerVoice
ABŞ və Çin nümayəndələri Cenevrədə keçirilən iki günlük danışıqlardan sonra ticarət balansı kəsirinin azaldılmasına dair razılıq əldə ediblər.
AzerVoice xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir, ABŞ maliyyə naziri Skott Bessent, Çin Dövlət Şurası sədrinin müavini Xe Lifen və Çinin iki nazir müavini ilə birlikdə keçirilən danışıqları “çinli tərəfdaşlarla əldə olunmuş razılaşma” kimi qiymətləndirib. O bildirib ki, bu razılaşma ABŞ-ın 1,2 trilyon dollar həcmindəki ticarət balansı kəsirinin azaldılmasına kömək edəcək. Razılaşmanın detalları mayın 12-də açıqlanacaq.
Bessentin sözlərinə görə, hazırda mövcud olan qarşılıqlı gömrük rüsumları çox yüksəkdir və iki ölkə arasında ticarət gərginliyini azaltmaq məqsədilə onların aşağı salınması zəruridir. O, razılaşmanın detalları ilə bağlı hələlik açıqlama verməyib, lakin bazar ertəsi ictimaiyyətə təqdim olunacağını bildirib.
Ceymison Qrir isə qeyd edib ki, tərəflər arasındakı fikir ayrılıqları əvvəllər düşünüləndən daha az imiş.
Qeyd edək ki, daha öncə ABŞ-ın ticarət naziri Hovard Latnik Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarının ləğvini istisna etmişdi. Çin Ticarət Nazirliyinin rəsmi nümayəndəsi Xe Yadun isə bildirmişdi ki, Pekin prinsipial məsələlərdə güzəştə getməyəcək və ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə razılaşma əldə etmək naminə ədaləti qurban verməyəcək.