BAKI, AzerVoice
Elon Maskdan gözlənilməz addım- Tesla istehsalı dayandırdı, işçilər evə göndərildi.
AzerVoice xəbər verir ki, ABŞ-da
Xatirə Günü tətili ərəfəsində Tesla-nın Ostin zavodundakı Model Y
və Cybertruck istehsal xətləri dayandırılıb, işçilər isə qeyri-adi
dərəcədə uzun məzuniyyətə göndərilib.
Qərarın birinci rübdəki tədarük göstəricilərinin 13 faiz
azalmasından sonra verildiyi bildirilir.
Business Insider-ə danışan bir neçə Tesla işçisinin sözlərinə görə, son aylarda istehsal qrafikləri tez-tez dəyişir və bir çox əməkdaşlar tez-tez evə erkən göndərilir. Onların bildirdiyinə görə, şirkət artıq əlavə iş saatlarına ciddi nəzarət tətbiq edir və iş vaxtını aşanlara qarşı intizam tədbirləri görülür.
Tesla rəhbərliyi mart ayının sonunda Cybertruck istehsal hədəflərini aşağı salıb və bəzi işçiləri digər bölmələrə keçirməklə istehsal ritmini zəiflədib. İşçilər, fabrikin artıq “daha sərt qaydalarla” idarə olunduğunu və gələcək mövqelərinin qeyri-müəyyən olduğunu deyirlər.
Qeyd edək ki, Tesla bu il səhmlərinin dəyərində 26 faizlik azalma yaşayıb. Şirkət daha təkmil Model Y-ni satışa çıxarsa da, qiymət endirimlərinə baxmayaraq satışlar gözləntiləri qarşılamayıb. Cybertruck-un ümumi təhvil sayının isə 50 minin altında olduğu açıqlanıb.