BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp qeyd edib ki, ABŞ administrasiyası tərəfindən bəzi ölkələrin məhsullarına tətbiq edilən gömrük rüsumları, çox güman ki, ləğv edilməyəcək.
AzerVoice xəbər verir ki, bu barədə o "NBC News"a verdiyi müsahibədə bildirib.
Jurnalislər Trampa rüsumların gələcəkdə ləğv olunmasına dair sual veriblər. Tramp isə bu sualı belə cavablandırıb: "Xeyr, mən belə etməzdim, çünki əgər kimsə düşünürsə ki, rüsumlar ləğv ediləcək, o zaman niyə ABŞ-da istehsalat qurmağa çalışsın?"
Tramp, Çinlə ticarət sahəsində çox sərt davrandığını və Pekinin indi Vaşinqtonla razılaşma əldə etmək istədiyini vurğulayıb.
"Bu o deməkdir ki, biz artıq onlarla ticarət etmədiyimiz üçün trilyonlarla dollar itirmirik... Onlar razılaşma bağlamaq istəyirlər. Amma bu razılaşma ədalətli olmalıdır" – deyə, Tramp qeyd edib.
Tramp onu da əlavə edib ki, kiçik biznes üçün rüsumlardan istisna edilmə olmayacaq, çünki onun fikrincə, sahibkarların buna ehtiyacı yoxdur.
Xatırladaq ki, Tramp aprelin 2-də 185 ölkə və əraziyə aid məhsullara gömrük rüsumları tətbiq edildiyini elan etmişdi. Ümumi tariflər aprelin 5-də 10 faiz səviyyəsində qüvvəyə minib, fərdi tariflər isə aprelin 9-da tətbiq edilib. Daha sonra Tramp bəzi ölkələr və ərazilərə qarşı qarşılıqlı əsasda tətbiq edilən əlavə idxal rüsumlarının 90 günlük dayandırıldığını açıqlayıb. Ağ Ev bu fasilənin ticarət danışıqları ilə əlaqəli olduğunu izah edib və bu müddətdə ümumi 10 faizlik tarif qüvvədə qalacaq. Eyni zamanda Tramp Çin məhsullarına tətbiq olunan tarifləri 125 faizə qədər artırıb. Bundan əvvəl isə Kanada, Çin və Meksika hökumətlərinin ABŞ-a fentanil qaçaqmalçılığı ilə mübarizədə kifayət qədər səy göstərmədikləri iddiası ilə əlavə 20 faizlik tarif tətbiq edilmişdi. Hazırda ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi ümumi tariflər 145 faizə çatır. Cavab olaraq Çin aprelin 12-dən etibarən ABŞ məhsullarına tətbiq etdiyi tarifləri 125 faizə qaldırıb.