BAKI, AzerVoice
Tramp administrasiyası deportasiyalara başlayıb.
AzerVoice xəbər verir ki, ABŞ
prezidenti Donald Trampın yenidən vəzifəyə başlamasından sonra
immiqrasiya siyasətində ciddi dəyişikliklər həyata keçirilib.
Bayden dövründə tətbiq edilən və 900 minə yaxın insanın
faydalandığı CBP One proqramı səssizcə ləğv edilib, nəticədə hətta
bəzi ABŞ vətəndaşlarına da deportasiya bildirişləri göndərilib.
Texas və Konnektikut ştatlarında yaşayan vəkillər Hubert Montoya və Timoti Brenner, ABŞ vətəndaşı olduqları halda deportasiya riski ilə üzləşdiklərini bildiriblər. Məlumata görə, CBP One sistemində immiqrantların məlumatlarını təqdim edən şəxslərə də yanlış bildirişlər göndərilib.
Ekspertlər qeyd edir ki, yaranmış vəziyyət həm hüquqi qarışıqlığa, həm də miqrantlar arasında qorxu və xaosa səbəb olub. ABŞ Daxili Təhlükəsizlik Departamenti isə artıq bəzi bildirişlərin səhvən göndərildiyini qəbul edib və hər işin fərdi qaydada qiymətləndiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Tramp administrasiyası sponsor dəstəyi ilə ölkəyə daxil olan və müvəqqəti hüquqi statusda olan 500 min nəfərə də deportasiya bildirişləri göndərib. Lakin Massaçusetsdəki federal məhkəmə bəzi deportasiyaların icrasını müvəqqəti dayandırıb.