BAKI, AzerVoice
Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kolkatada bu həftənin əvvəlində baş vermiş zorakılıqlar zamanı üç nəfər öldürülüb, etirazçılar isə bu gün polis maşınlarını yandırıblar.
AzerVoice xəbər verir ki, bu barədə yerli hakimiyyət məlumat verib.
Məlumatda bildirilib ki, etirazçılar, İslam vəqflərinə məxsus mülklər və torpaqlarla bağlı yeni qəbul olunmuş qanuna qarşı çıxıblar və bu qanunun müsəlmanlara qarşı ayrı-seçkilik xarakteri daşıdığını bildiriblər.
Polisin verdiyi məlumata görə, qarşıdurmalar şənbə günü Mürşidabad bölgəsində başlayıb. Etirazçılar burada ticarət mərkəzlərini yandırıb, bir hindu məbədinə hücum ediblər və iki nəfəri bıçaqlayıblar. Bunun nəticəsində hökumət həmin ərazidə internet xidmətlərini müvəqqəti dayandırıb.
Bu gün isə Kolkata şəhərində etirazçılar asayiş keşikçiləri ilə toqquşublar və əsas magistral yolu bağlayıblar.
Qeyd edək ki, etirazların səbəbi Hindistan parlamenti tərəfindən bu ay qəbul edilən yeni qanundur. Həmin qanun, yalnız müsəlmanlar tərəfindən istifadə olunan böyük torpaq və əmlak sahələrinin idarəçiliyində köklü dəyişikliklər nəzərdə tutur. Bu qanun ölkədəki müsəlman azlıqla hökumət arasında gərginliyi artırıb.