Əsas səhifə » Britaniyadakı aksiyalar zamanı 100-dən çox etirazçı saxlanılıb

Britaniyadakı aksiyalar zamanı 100-dən çox etirazçı saxlanılıb

BAKI, AzerVoice

Böyük Britaniyada "Palestine Action" təşkilatının qadağan olunmasına qarşı keçirilən etiraz aksiyalarında 100-dən çox nümayişçi saxlanılıb.

AzerVoice xəbər verir ki, bu barədə polis idarələri məlumat yayıb.

Ən çox saxlanılan şəxs paytaxt Londonda qeydə alınıb. Burada etirazlar zamanı 65 nəfər saxlanılıb. Mançesterdə 18, Bristolda 17, İngiltərənin cənub-qərbində yerləşən Kornuoll qraflığının Truro şəhərində isə 8 nəfər saxlanılıb.

Saxlanılmaların əksəriyyəti 2000-ci il Terrorçuluğa Qarşı Mübarizə Qanununun 13-cü maddəsi əsasında aparılıb. Bu maddəyə əsasən, qadağan olunmuş təşkilatlara açıq dəstək ifadə edən şəxslər altı aya qədər azadlıqdan məhrum edilə bilər. Londonda nümayişçilərin "Palestine Action"a dəstək ifadə edən plakatlar daşıması bu çərçivədə əsas tutulub.

"The Times" qəzetinin məlumatına görə, etirazçılar arasında ən yaşlı şəxs, Londonda yaşayan 80 yaşlı sahibkar İrina Fik olub. O, polis tərəfindən saxlanılıb və təşkilatın qadağan olunmasının "vətəndaş hüquqlarının pozulması" anlamına gəldiyini bildirib.

Qeyd edək ki, aksiyalar hüquq müdafiə təşkilatı "Defend Our Juries tərəfindən" təşkil olunub. Son üç şənbə ərzində bu təşkilatın "Palestine Action"a dəstək məqsədli aksiyalarında 100-dən çox şəxs saxlanılıb. 19 iyul tarixində Londonda keçirilən aksiyalar bu baxımdan ən genişmiqyaslı olub.

Digər Kateqoriyalar

2025 © Azervoice