Bakı, AzerVoice
Konqo Demokratik Respublikası (KDR) hökuməti, Ruanda ordusu və 23 Mart Hərəkatı (M23) adlı üsyançı qrupun Cənubi-Kivu əyalətinin paytaxtı Bukavunu işğal etdiyini təsdiqləyib.
AzerVoice xəbər verir ki, bu haqda KDR-in Kommunikasiya Nazirliyinin verdiyi açıqlamada deyilir.
Açıqlamada, İşğalın beynəlxalq razılaşmaların açıq bir pozuntusu olduğu qeyd edilib və Ruandanın KDR ərazilərində qanunsuz əməliyyatlar apardığı vurğulanıb.
Xatırladaq ki, M23 üzvləri keçən ay Şimal-Kivu əyalətinin paytaxtı Qomanı ələ keçirmişdilər.
Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoma şəhərinin nəzarəti uğrunda baş verən toqquşmalarda ölənlərin sayının 3 minə yaxınlaşdığını bildirmişdi.
KDR-in şərqindəki toqquşmalar səbəbindən ilin əvvəlindən bu yana 500 mindən çox insan məcburi köçkün olub.
BMT və KDR-in M23-ə dəstək verməkdə ittiham etdiyi Ruanda isə bu iddiaları rədd edir.