BAKI, AzerVoice
Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman ilə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif dünən Ər-Riyadda birgə strateji müdafiə sazişi imzalayıblar. Sazişə əsasən, hər iki ölkədən birinə edilən hər hansı hücum, hər ikisinə edilmiş hücum sayılacaq. Bu addım hər iki ölkənin təhlükəsizliyini gücləndirmək və bölgədə, həmçinin dünyada sülh və sabitliyi təmin etmək məqsədi daşıyır.
AzerVoice xəbər verir ki, bu barədə məlumat, Səudiyyə vəliəhdi ilə Pakistan baş naziri arasında keçirilən danışıqlardan sonra açıqlanıb. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlığın müxtəlif sahələrdə gücləndirilməsi, eləcə də regional və beynəlxalq vəziyyətin müzakirəsi aparılıb.
İmzalanan saziş, iki ölkə arasında uzun illərdir davam edən təhlükəsizlik və hərbi əməkdaşlığın məntiqi nəticəsi kimi qiymətləndirilir. Bu sənəd müdafiə sahəsində ortaq gələcəyin və birgə təhlükəsizlik taleyinin rəsmi təsdiqi hesab olunur.
Birgə bəyanatda qeyd olunub ki, sazişin məqsədi “iki ölkə arasında müdafiə əməkdaşlığının inkişaf etdirilməsi və hər hansı hücuma qarşı ortaq çəkindirici gücün möhkəmləndirilməsidir.”
Pakistan baş naziri Şahbaz Şərif dünən daha əvvəl Ər-Riyada dövlət səfərinə gəlib. Ona rəsmi qarşılanma mərasimi təşkil olunub. Hətta Səudiyyə Krallıq Hərbi Hava Qüvvələrinə məxsus “F-15” qırıcıları, baş nazirin təyyarəsini ölkə hava məkanına daxil olduqdan sonra müşayiət edib.
Pakistannın Ər-Riyaddakı səfirliyindən verilən açıqlamada bildirilib ki, bu səfər “iki ölkə arasında ikitərəfli münasibətləri və əməkdaşlığı gücləndirmək, ortaq maraq doğuran məsələlərdə sabit mövqeləri bir daha təsdiqləmək” məqsədi daşıyır.