BAKI, Azervoice, Nərmin Ağayeva
Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini (KKTC) tanıyan ilk türk dövləti olacaq.
Azervoice xəbər verir ki, Trend Xəbər Agentliyinin baş direktor müavini və Turkic.World Media Platformasının direktoru Rufiz Hafizoğlu Kipr Türk Xəbərlərinə verdiyi açıqlamada Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı diqqətçəkən mövqeyini bölüşüb.
“Azərbaycan KKTC-ni tanıyan ilk türk dövləti olacaq.” - deyə o açıqlamasında bildirib.
Hafizoğlu həmçinin qeyd edib ki, Türk dünyasında inteqrasiyanı gücləndirmək məqsədilə KKTC-nin Turkic.World media platformasında yer almasını istəyir.
“Bir media rəhbəri olaraq, KKTC-ni qurduğumuz Turkic.World platformasında görmək arzusundayıq. Media əməkdaşlığı vasitəsilə KKTC ilə Azərbaycan arasındakı əlaqələri daha da inkişaf etdirə bilərik. KKTC-nin Türk Dövlətləri Təşkilatına və media layihələrinə marağı məlumdur. Bu baxımdan hər cür əməkdaşlığa açığıq.” - deyə o vurğullayıb.
Hafizoğlu KKTC-nin beynəlxalq tanınmasının qaçılmaz olduğunu vurğulayaraq bu prosesin uzunmüddətli ola biləcəyini də qeyd edib.
“Tanınma zaman məsələsidir, lakin bu, mütləq baş verəcək. O vaxta qədər daha sistemli və qətiyyətli şəkildə çalışmalı, KKTC-nin səsini türk dünyası və beynəlxalq ictimaiyyətə daha təsirli şəkildə çatdırmalıyıq.” - deyə o bildirib.