Əsas səhifə » III Şuşa Qlobal Media Forumu Azərbaycanın suverenliyinin və beynəlxalq mövqeyinin təsdiqidir - Rufiz Hafizoğlu

III Şuşa Qlobal Media Forumu Azərbaycanın suverenliyinin və beynəlxalq mövqeyinin təsdiqidir - Rufiz Hafizoğlu

BAKI,AzerVoice

Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını alıb. Bu baxımdan III Şuşa Qlobal Media Forumunun Xankəndidə keçirilməsi siyasi baxımdan olduqca əhəmiyyətli hadisədir. Forum Azərbaycanın yeni reallıqlarını beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.

AzerVoice xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında politoloq Rufiz Hafizoğlu bildirib.

O deyib ki, son illərdə Azərbaycan müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edərək, həm regional, həm də qlobal miqyasda mövqelərini möhkəmləndirib. Bakı artıq siyasi, mədəni və idman platformalarının keçirildiyi mühüm mərkəzə çevrilib. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula1 yarışları, BMT və TÜRKSOY kimi beynəlxalq təşkilatların forumları, COP29 iqlim konfransı Azərbaycanın diplomatik çevikliyinin və təşkilatçılıq potensialının açıq göstəricisidir.

Politoloqun fikrincə, Şuşa Qlobal Media Forumunun artıq ənənəvi xarakter alması, həmçinin Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi strateji mesajların dünya mediasında geniş əks-səda doğurması Azərbaycanın beynəlxalq informasiya müstəvisində nüfuzunun artdığını göstərir.

“Budəfəki Forumun açılışının məhz Xankəndidə keçirilməsi təkcə rəmzi məna daşımır. Eyni zamanda, Azərbaycanın Qarabağda suverenliyini tam şəkildə bərpa etdiyini, burada yalnız ölkə qanunlarının keçərli olduğunu göstərən siyasi və hüquqi mesajdır. Prezident İlham Əliyevin Xankəndidə beynəlxalq auditoriya qarşısında çıxışı bölgədə yeni mərhələnin - reinteqrasiyanın başlandığını təsdiqlədi. Bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq ictimaiyyət, eləcə də Ermənistan üçün açıq mesaj idi: Qarabağ artıq separatizm deyil, sülh, inkişaf və əməkdaşlıq məkanıdır”, - deyə Rufiz Hafizoğlu vurğulayıb.

O bildirib ki, Xankəndidə Forumun keçirilməsi informasiya sahəsindəki mübarizədə də önəmli dönüş nöqtəsidir. Bu, illərlə Ermənistan və erməni diasporu tərəfindən dünyada formalaşdırılmış yanlış narrativlərin ifşası baxımından mühüm addımdır.

“Azərbaycan müharibə dövründə və ondan əvvəl də dezinformasiyalarla üz-üzə qalıb. Bu Forum isə həm real vəziyyətin yerində təqdim olunması, həm də xarici jurnalist və ekspertlərin bərpa və reinteqrasiya proseslərini öz gözləri ilə görməsi baxımından əhəmiyyətlidir. Bu, Azərbaycanın informasiya müharibəsində əldə etdiyi üstünlüyün bariz nümunəsidir”, – deyə politoloq qeyd edib.

Forumun gündəliyində informasiya təhlükəsizliyi və media etikası kimi mövzuların yer almasının da təsadüfi olmadığını deyən Rufiz Hafizoğluna görə, Azərbaycanın “yumşaq güc” vasitələri ilə bölgədə informasiya, sosial və iqtisadi sahələrdə nəzarəti ələ alması yeni mərhələnin əsas göstəricilərindəndir.

“Prezident İlham Əliyev Forumda həm də Ermənistanla yanaşı, regiondakı digər aktorlara da mesaj verdi. Azərbaycan yeni reallıqlar yaradıb və bu reallıqlara hörmətlə yanaşmaq zəruridir. Ermənistan bu vəziyyəti qəbul etmədikcə həm regional layihələrdən, həm də siyasi sabitlikdən kənarda qalmaq riski ilə üzləşəcək. Bu baxımdan, III Şuşa Qlobal Media Forumu təkcə informasiya platforması deyil, həm də strateji siqnalların verildiyi mühüm diplomatik hadisə kimi tarixə düşəcək”, – deyən Rufiz Hafizoğlu fikrini yekunlaşdırıb.

Digər Kateqoriyalar

2025 © Azervoice