Əsas səhifə » Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır - Rufiz Hafizoğlu

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır - Rufiz Hafizoğlu

Bakı,AzerVoice

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu söyləyib.

Məlumdur ki, daha əvvəl Azərbaycan-Suriya əlaqələri mövcud olsa da, bu münasibətlər məhz Bəşər Əsəd rejimi tərəfindən zədələndi. Təəssüflər olsun ki, Suriyanın sabiq prezidenti Bəşər Əsəd strateji tərəfdaşa çevrilə biləcək potensiala sahib Azərbaycanla münasibətləri korlayaraq ölkəsini ASALA terror təşkilatının, eləcə də PKK-nın qalasına çevirdi.

Digər tərəfdən, Suriyanın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkə olmasına baxmayaraq, Qarabağ məsələsində Azərbaycanla həmrəylik nümayiş etdirməyib. Bunun əksinə olaraq işğalçı Ermənistan hakimiyyəti ilə Bəşər Əsəd rejimi arasında əlaqələr gündən-günə çiçəklənirdi. Beləliklə, Suriyadakı yanlış idarəetmə ölkəni vətəndaş müharibəsinə, eləcə də terror təşkilatlarının hədəfinə çevirdi. Təbii ki, bütün bunlar bu gün geridə qalıb, hazırda isə Suriya xalqı və hökuməti qarşısında yeni fürsətlər yaranıb.

O bildirib ki, rejim dəyişikliyindən sonra Azərbaycan Suriya xalqına və hökumətinə təbrik göndərən ilk ölkələrdən biri idi. Eyni zamanda, Azərbaycan dəfələrlə rəsmi açıqlamalarında Suriyanın ərazi bütövlüyünü dəstəkləyib və digər tərəfdən onun suverenliyinin vacibliyini vurğulayıb. Qeyd etmək lazımdır ki, Azərbaycan Suriya ilə həmrəylik nümayiş etdirdiyi zaman bir çox ərəb ölkələri Suriya ilə münasibətlərdə ikili standartlar tətbiq ediblər.

Azərbaycan-Suriya münasibətləri rəsmi Bakının Yaxın Şərq siyasətində dinamik templə inkişaf edən istiqamətlərdən biridir. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanın nümayəndə heyətləri Suriyaya səfərə gedərək, ölkəmizin Suriyanın bərpa və quruculuğuna dəstək olduğunu bəyan edib.

Rəsmi Bakı da Dəməşqdən bu istiqamətdə olduqca müsbət mesajlar aldı.

“Prezident İlham Əliyevin şəxsi nüfuzu digər ölkələrin Azərbaycanla yeni tərəfdaşlıq modellərinin formalaşmasına yol açıb. Suriya Yaxın Şərqin ən kilid ölkələrindən biridir və Azərbaycanın bu ölkə ilə münasibətləri inkişaf etdirməsi yenidən formalaşmaqda olan Yaxın Şərq üçün olduqca vacibdir. Azərbaycan ciddi vasitəçilik missiyası təcrübəsinə malik ölkədir. Bu gün İsrail ilə münasibətlərin yüksək səviyyədə olması, eləcə də Suriya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi Dəməşq və Təl-Əviv arasında dialoq körpüsünün qurulmasına zəmin yarada bilər. Bu dialoq, sadəcə, Suriya və İsrail üçün deyil, bölgədə davamlı sülhün olmasına ciddi töhfə verə bilər. Təbii ki, bütün bunların fonunda Bakının və Dəməşqin iqtisadi və energetik əlaqələrinə də diqqət yetirmək lazımdır. Azərbaycanın şaxələndirdiyi infrastruktur layihələri Avropanın enerji təhlükəsizliyini gücləndirib. Suriya neft və qaz ehtiyatları ilə zəngin olan ölkədir və bu baxımdan Bakı və Dəməşq arasında imzalanan anlaşma memorandumu olduqca strateji əhəmiyyət kəsb edir. Ümumiyyətlə, ölkə liderlərinin görüşü xalqlarımızın maraqlarına cavab verən məsələlərlə zəngindir”,- deyə R. Hafizoğlu əlavə edib.

Digər Kateqoriyalar

2025 © Azervoice