BAKI, AzerVoice
Türkiyənin xarici işlər naziri Hakan Fidan 4-5 il əvvəl ona qarşı fiziki sui-qəsd cəhdi edildiyini açıqlayıb.
AzerVoicexəbər verir ki, o, zəhərləndiyini və sonradan analizlər nəticəsində bədənində yüksək miqdarda arsen və civə izlərinə rast gəlindiyini bildirib.
Nazir qeyd edib ki, 2010-cu ildə Milli Kəşfiyyat Təşkilatına (MİT) rəhbərlik etdiyi dövrdə həm fiziki, həm də informasiya müstəvisində ciddi təzyiqlərə məruz qalıb.
“Mənə qarşı təkcə fiziki sui-qəsd yox, davamlı xarakter sui-qəsdləri də həyata keçirilir. Bu, bu mübarizənin bir hissəsidir”, – deyə Fidan bildirib.
O, zəhərlənmənin harada baş verdiyini açıqlamasa da, hadisənin xarici mənşəli olduğunu vurğulayıb. “Detallara girməyək. Bunlar çöldə baş verən məsələlərdir. Düşmən yalnız içəridə deyil, hər yerdədir.” - deyə o qeyd edib.
Qeyd edək ki, Hakan Fidan uzun illər Türkiyənin kəşfiyyat və diplomatik sahəsində mühüm vəzifələrdə çalışıb. Onun rəhbərliyi dövründə MİT regional və beynəlxalq təhlükəsizlik məsələlərində daha aktiv rol oynamağa başlayıb.