BAKI, AzerVoice
Kipr türklərini daha da təcrid etməyə çalışan yanaşmalar bizim
üçün qəbuledilməzdir.
AzerVoice xəbər verir ki, Türkiyənin
xarici işlər naziri Hakan Fidan Norveçli həmkarı ilə keçirdiyi
birgə mətbuat konfransında Kipr və Avropadakı geosiyasi proseslərlə
bağlı mühüm açıqlamalar verib.
Nazir bildirib ki, Kipr məsələsində federasiya modeli artıq gündəmdə deyil və bu mövqe yunan tərəfinin iradəsi ilə faktiki olaraq aradan qalxıb. “Yunanlar və Aİ nə deyirlər desinlər, tükənmiş federasiya modeli indi masadan kənarda qalıb. Kipr türklərini daha da təcrid etməyə çalışan yanaşmalar bizim üçün qəbuledilməzdir. Onların iradəsinə hörmətlə yanaşırıq, lakin hüquq və maraqlarımızdan da heç vaxt vaz keçməyəcəyik.” - deyə o bildirib.
Türkiyənin türk dünyası ilə əlaqələrə böyük önəm verdiyini vurğulayan Fidan, Anadoludan başlayan Türk birliyi idealının bu gün müstəqil Türk Cümhuriyyətləri ilə daha da gücləndiyini və bu ideyanın heç vaxt sönməyəcəyini qeyd edib.
Fidan Avropa İttifaqının Türk dövlətləri ilə artan əlaqələrdən sui-istifadə etməyə çalışdığını bildirərək bu yanaşmanın bölgədəki həmrəyliyə xələl gətirə biləcəyinə də diqqət çəkib.
Avropanın təhlükəsizlik arxitekturasına da toxunan Fidan, NATO üzvü olan, lakin Aİ-yə daxil olmayan Türkiyə və Norveçin bu məsələdə daha çox dialoq aparmasının vacibliyini bildirib. “Hazırda ABŞ olmadan güc strukturu müzakirə olunmur” - deyə o vurğulayıb.
Nazir Fidan, həmçinin dünən Küveyt Xarici İşlər Nazirinin müavini Şeyx Cərrah Cabir Əl Əhməd Əl Sabah ilə də görüş keçirib.