BAKI, AzerVoice
Bu ilin yanvar–sentyabr ayları ərzində Azərbaycandan Türkiyəyə 119,5 min ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib. Göndərişlərin ümumi dəyəri 59 milyon ABŞ dolları təşkil edib.
AzerVoice xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsi yayıb. Bildirilib ki, ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 134 milyon dollar və ya 69,4 faiz, həcmi isə 233 min ton və ya 66,9 faiz azalıb.
2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycandan Türkiyəyə 352,5 min ton neft və neft məhsulları ixrac olunmuş, bunun dəyəri 193 milyon ABŞ dolları olmuşdu.
Ümumilikdə, 2025-ci ilin ilk doqquz ayında Azərbaycandan 20 ölkəyə 16,996 milyon ton neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edilib. Bu ixracın ümumi dəyəri 8,939 milyard ABŞ dolları təşkil edib.
Rəsmi məlumatlara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,069 milyard dollar və ya 18,8 faiz az, həcmi isə 613 min ton və ya 3,5 faiz azdır.