Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Rəsmi Xronika

    Prezident İlham Əliyev: Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir

    20 May 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Biz dost ölkələrik, strateji tərəfdaşıq.

    AzerVoice xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında söyləyib.

    Prezident İlham Əliyevin bəyanatı

    -Hörmətli cənab Baş nazir, əziz dost.

    Hörmətli xanımlar və cənablar.

    Cənab Baş nazir, ilk növbədə dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən Macarıstana tez-tez gəlirəm. Son dəfə 2023-cü ildə gəlmişəm. Siz də Azərbaycana tez-tez gəlirsiniz. Sizin son səfəriniz keçən ilin noyabr ayında olmuşdur. Yəni bu, onu göstərir ki, aramızda olan təmaslar müntəzəm xarakter daşıyır və Azərbaycan-Macarıstan əlaqələri uğurla inkişaf edir.

    Biz dost ölkələrik, strateji tərəfdaşıq. Bu gün danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş zamanı bir daha gördük ki, bir çox məsələlər üzrə mövqeyimiz üst-üstə düşür. Bu gün dəyişən dünyada gedən proseslərə nəzər saldıqda, yenə də mövqelərimizdə elə bir böyük fərq yoxdur. Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik.

    Azərbaycan, eyni zamanda, dörd il yarım əvvəl müharibə aparan ölkə olmuşdur. Biz öz ərazimizdə müharibə aparmışdıq. Ermənistanın 30 illik işğalına son qoymuşduq. Düzdür, bizim müharibəmiz Rusiya-Ukrayna müharibəsi kimi 3 ildən çox yox, cəmi 44 gün ərzində aparılmışdır. Hər gün biz irəliyə gedirdik, bir addım geri atmamışdıq, ordumuzda bir dənə də olsun fərari olmamışdır. Ermənistan ordusunda isə onların özlərinin etirafına görə 12 min fərari olmuşdur.

    İkinci Qarabağ müharibəsi beynəlxalq hüquq çərçivəsində - BMT-nin Nizamnaməsi əsasında aparıldı. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində hər bir ölkənin özünümüdafiə hüququ var. Biz də bu hüquqdan istifadə edərək, uzun illər işğal altında olan torpaqları düşmən qüvvələrindən azad etdik və 2023-cü ildə öz suverenliyimizi tam bərpa etdik.

    Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır. Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur.

    Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Biz bu gün bunu geniş müzakirə etdik. Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu barədə də bu gün fikir mübadiləsi aparıldı. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır.

    Bütün başqa məsələlərdə də biz iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk. Bildiyiniz kimi, Macarıstanın təşəbbüsü ilə sabah ikinci qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Birinci Zirvə görüşü keçən il Şuşa şəhərində keçirilmişdir. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı Azərbaycan olmuşdur və bu estafeti bizdən Macarıstan alıb, biz bunu alqışlayırıq. Bu, bir daha onu göstərir ki, Macarıstan öz tarixi köklərinə çox bağlıdır, bu, bizi də çox sevindirir.

    Çıxışımın sonunda Macarıstanı bütün əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bilirik ki, Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Hər zaman Macarıstanın maraqlarını qoruyub və Macarıstan üçün nə xeyir gətirirsə, o təşəbbüslərə qoşulub, nə xeyir gətirmirsə, o təşəbbüslərdən həmişə uzaq olub. Yenə də deyirəm, Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə. Sizə və bütün dost macar xalqına bu istiqamətdə yeni uğurlar arzulayırıq.

    Sağ olun.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    13 Fevral 2026 22:39

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    13 Fevral 2026 22:38

    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

    13 Fevral 2026 22:37

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    13 Fevral 2026 22:35

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    13 Fevral 2026 22:19

    Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb

    13 Fevral 2026 18:19

    Prezident İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

    13 Fevral 2026 16:57

    Prezident İlham Əliyev Almaniyaya rəsmi səfər edib

    13 Fevral 2026 15:15

    ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə məktub ünvanlayıb

    12 Fevral 2026 13:05

    Klaud Heqi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    11 Fevral 2026 18:40

    Prezident İlham Əliyev: Dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq

    11 Fevral 2026 18:11

    Prezident İlham Əliyev: Bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, ümid edirəm ki, bu il başa çatacaq

    11 Fevral 2026 18:06
    XƏBƏR LENTİ

    Bu gün Xomeyni Salman Rüşdi haqqında ölüm hökmü verdi

    14 Fevral: Həririnin Qətli və YouTube-un Doğuşu: 14 Fevral Dosyesi

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir

    Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir

    Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı

    Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

    Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb

    Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələrində çıxış etdi

    Almaniya kansleri Avropanın "nüvə qalxanı"nın yaradılmasını təklif edir

    “AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.