BAKI, AzerVoice, Nailə Babazadə
Suriya hökumət qüvvələri ilə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDG) arasında Hələb vilayətinin şərqində qarşılıqlı atəş açılması bölgədə gərginliyi pik həddə çatdırıb.
AzerVoice xəbər verir ki, Suriya ordusunun Hələbin şərqindəki bəzi əraziləri "qapalı hərbi zona" elan etməsindən sonra tərəflər arasında toqquşmalar başlayıb. SDG-nin bəyanatına görə, hökumət qüvvələri Deyr Hafir rayonunu artilleriya və raket atəşinə tutub, həmçinin partlayıcı yüklü dronlardan istifadə edib. Suriya dövlət televiziyası isə cavab olaraq SDG-nin Homeima kəndini dronlarla hədəf aldığını bildirib.
Hələb quberniyası və xüsusilə strateji əhəmiyyətli Məskənə və Deyr Hafir rayonları son günlər tərəflər arasında əsas qarşıdurma poliqonuna çevrilib. Suriya rəsmi xəbər agentliyi SANA ordunun bu bölgəni hərbi zona elan etməsini SDG-nin davamlı mobilizasiyası və Hələb şəhərinə dron hücumları üçün bu ərazilərdən plasdarm kimi istifadə etməsi ilə əsaslandırıb. Ordu silahlı qrupların Fərat çayının şərqinə çəkilməsini tələb edir.
Mövcud gərginlik 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra formalaşan yeni müvəqqəti hökumətlə SDG arasındakı inteqrasiya danışıqlarını da çətinə salır. Mart ayında imzalanan razılaşmaya əsasən, SDG döyüşçüləri 2025-ci ilin sonunadək milli orduya birləşməli olsa da, tərəflər hələ də prosedurlar barədə razılığa gələ bilməyiblər.
SDG rəhbərliyi isə Vaşinqtonu passivlikdə ittiham edərək ABŞ-ın mülki əhaliyə qarşı hücumlarla bağlı mövqeyini dəqiqləşdirməsini istəyir. Qeyd edək ki, Hələbdəki son toqquşmalar nəticəsində on minlərlə insan evini tərk etmək məcburiyyətində qalıb və Şeyx Maqsud məhəlləsi artıq tamamilə mərkəzi hökumətin nəzarətinə keçib.
