BAKI, AzerVoice, Nailə Babazadə
Dəməşq rəhbərliyi ilə YPG terror təşkilatı arasında əldə olunmuş "Atəşkəs və Tam İnteqrasiya Sazişi" çərçivəsində Suriya ordusunun Fərat çayının şərqinə doğru irəliləməsi nəticəsində yaranan hərbi gərginlik səngiyib.
AzerVoice xəbər verir ki, ötən gün Hasekə vilayəti ətrafında və Ayn əl-Ərabın cənub hissələrində intensivləşən qarşıdurmaların bu gün səhərə yaxın dayandığı bildirilir. Hazırda Suriya ordusunun bölmələri Hasekə şəhərinin girişi də daxil olmaqla cəmi dörd strateji nöqtədə mövqe tutub. Eyni zamanda hərbi birliklər Ayn əl-Ərabın cənubundakı Sırrin qəsəbəsinin girişindəki müdafiə xəttində qərarlaşıblar.
Rəqqa şəhər mərkəzinin şimalında yerləşən Aktan həbsxanasına nəzarəti ələ keçirmək istəyən hökumət qüvvələri ilə YPG və devrilmiş rejim qalıqları arasındakı toqquşmalar da yerini sakitliyə buraxıb. Dəməşq rəhbərliyi ilə YPG arasında 18 yanvarda əldə olunmuş razılaşmaya əsasən, terror təşkilatının nəzarətində olan Hasekə vilayətindəki bütün mülki qurumların Suriya dövlətinin idari strukturlarına qatılması prosesinə start verilib. Ordu birliklərinin bölgəyə hərbi qüvvə və texnika daşımağa davam etdiyi bir vaxtda, sazişin digər şərtlərinin icrası da diqqət mərkəzindədir.
Razılaşmaya görə, Ayn əl-Ərab bölgəsindən bütün ağır hərbi texnika və silahlılar tamamilə çıxarılmalı, şəhərin təhlükəsizliyi isə yerli sakinlərindən ibarət yeni qüvvələrə həvalə edilməlidir. Bu çərçivədə həmçinin inzibati cəhətdən Suriya Daxili İşlər Nazirliyinə tabe olan yerli polis təşkilatının yaradılması planlaşdırılır. Hazırda bölgədə atəşkəs rejiminə böyük ölçüdə riayət olunur və tərəflər sazişdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.