BAKI, AzerVoice, Nailə Babazadə
Dünya Bankı Suriyada münaqişədən sonra yenidənqurma xərclərinin 216 milyard dollar olduğunu açıqlayıb. Bankın yayımladığı "Suriya Fiziki Zərər və Yenidənqurma Qiymətləndirilməsi 2011-2024" hesabatına görə, ölkədə 13 ildən çox davam edən münaqişə nəticəsində infrastruktur və binalara ciddi ziyan dəyib.
AzerVoice xəbər verir ki, Hesabatda qeyd edilir ki, Suriya münaqişə əvvəlki ümumi kapital ehtiyatının təxminən üçdə biri zərər görüb. İnfrastruktur ən çox zərər çəkən sahə olub və ümumi zərərin 48 faizini təşkil edir. Hələb, Dəməşq ətrafı və Homs bölgələri ən çox təsirlənən ərazilər kimi göstərilib.
Zərər görmüş fiziki varlıqların yenidənqurma xərcləri 140-345 milyard dollar arasında qiymətləndirilsə də, ən real rəqəm 216 milyard dollar olaraq bildirilir. Bu məbləğin 75 milyard dolları yaşayış binalarının, 59 milyard dolları qeyri-yaşayış obyektlərinin, 82 milyard dolları isə infrastrukturun bərpasına sərf olunacaq.
Hesabatda, bu xərclərin 2024-cü ilin proqnozlaşdırılan Ümumi Daxili Məhsulundan (ÜDM) təxminən 10 dəfə çox olduğu vurğulanır ki, bu da Suriyanın qarşılaşdığı böyük problemləri və beynəlxalq dəstəyə olan ehtiyacı göstərir.
Bundan əlavə, münaqişənin ölkə iqtisadiyyatına ağır zərbə vurduğu, 2010-2022-ci illər arasında real ÜDM-in 53 faiz azaldığı qeyd olunur. Ölkənin nominal ÜDM-si 2011-ci ildə 67,5 milyard dollardan 2024-cü ildə 21,4 milyard dollara enib.