Əsas səhifə » İran nüvə fəaliyyətində heç bir axsamaya yol verilməməsi üçün planlama aparır

İran nüvə fəaliyyətində heç bir axsamaya yol verilməməsi üçün planlama aparır

BAKI, AzerVoice

İsrail ilə əldə olunan atəşkəsdən sonra İranın, nüvə proqramında hər hansı bir fasilənin qarşısını almaq üçün planlama apardığı bildirilib.

AzerVoice xəbər verir ki, bu barədə İranəın Vitse-prezidenti və eyni zamanda Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd İslami açıqlama verib.

O bildirib ki, nüvə fəaliyyətləri prosesində heç bir axsamaya yol verilməməsi üçün planlama aparılıb.

O, zəruri hazırlıqların görüldüyünü və hazırda ziyan dəyərləndirmə işlərinin aparıldığını bildirib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

ABŞ prezidenti Donald Trampın bəyanatına əsasən, İsrail və İran tam atəşkəsə razılıq veriblər. İsrail hakimiyyəti ABŞ-ın təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bəyan edib.

Digər Kateqoriyalar

2025 © Azervoice