Əsas səhifə » İsrail Tehran vilayətində 12 obyektə zərbələr endirib

İsrail Tehran vilayətində 12 obyektə zərbələr endirib

BAKI, AzerVoice

İsrail bugün səhər saatlarında Tehran vilayətində yerləşən 12 obyekti raket zərbələri ilə vurub.

AzerVoice xəbər verir ki, bu barədə Tehran vilayətinin qubernatoru Məhəmməd Sadeq Motamedian məlumat verib.

“Çərşənbə axşamı səhər saatlarında Tehran şəhəri və vilayətində yerləşən 12 obyekt sionist rejimin (İsrail nəzərdə tutulur – red.) hücumlarına məruz qalıb. Zərbələrinin əksəriyyəti yaşayış məntəqələrini hədəf alıb” – deyə, o bildirib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

İyunun 24-də ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında müvəqqəti atəşkəs elan edib.

Trampın sözlərinə görə, əvvəlcə – razılaşmanın qüvvəyə minməsindən 6 saat sonra – İran hücumlarını dayandıracaq, 12-ci saatda isə İsrail. 24 saatdan sonra isə bütün dünya “12 günlük müharibənin” rəsmi olaraq bitməsini qeyd edəcək.

İranın dövlət televiziyası da İsrail və İran arasında atəşkəsin başladığını bildirmişdi.

“Sionist rejimlə atəşkəs İranın işğal altındakı ərazilərə qarşı dörd mərhələdən ibarət zərbələrindən sonra qüvvəyə minib” – deyə, kanal X sosial şəbəkəsində qeyd edib.

Daha sonra İsrail Baş naziri Benyamin Netanyahunun ofisi də atəşkəs təklifini qəbul edib.

Digər Kateqoriyalar

2025 © Azervoice