Bakı. AzerVoice:
İsrail ordusunun Ramazan bayramının üçüncü günü Qəzza zolağında bir evi bombalaması nəticəsində ən az 29 fələstinli həlak olub.
AzerVoice xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.
Məlumata əsasən, İsrail ordusuna məxsus helikopterlərin Qəzza şəhərinin Zeytun, Şucaiyye və Rimal məhəllələrində ən azı üç evi hədəf alması nəticəsində çoxlu sayda fələstinli yaralanıb.
Bundan əlavə, Qəzza zolağının mərkəzi hissələrindəki Nusayrat Qaçqın Düşərgəsinin şimal bölgələri də İsrail ordusuna məxsus helikopterlərin hədəfinə çevrilib, düşərgənin şimalındakı bəzi binalar bombalanaraq dağıdılıb.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.