BAKI.AzerVoice
İsrailin 150 gündür uşaq qidalarının ölkəyə girişini əngəllədiyi Qəzzada on minlərlə körpənin həyatının təhlükə altındadır.
AzerVoice xəbər verir ki, Hökumətin Qəzzadakı media ofisi bu barədə bəyanat yayıb. İsrailin körpə qidası və humanitar yardımın girişini məhdudlaşdırması səbəbindən Qəzza Zolağında aclıqdan ölənlər artıb, 1 yaşdan kiçik 40 mindən çox körpə isə qidalanma çatışmazlığı səbəbindən “yavaş ölüm” təhlükəsi ilə üz-üzədir.
Bəyanatda İsrailin martın 2-dən bəri bağlı saxladığı Qəzza sərhəd qapılarının dərhal açılması, körpə qidası və humanitar yardımların təcili olaraq bölgəyə çatdırılması çağırışı edilib.
Qəzzaya İsrailin tətbiq etdiyi blokada səbəbindən "itirilen hər bir günahsız cana görə təkcə işğalçı İsrail deyil, onu dəstəkləyən dövlətlər və beynəlxalq ictimaiyyət də məsuliyyət daşıyır."
Qeyd edək ki, İsrailin hücumu və humanitar yardımların daxil olmasını məhdudlaşdıran sıx mühasirə altında olan Qəzza zolağı geniş aclıq və su, dərman, tibbi ləvazimat və gigiyena materiallarının çatışmazlığı ilə humanitar fəlakət yaşayır. Qəzza zolağında aclıqdan, xüsusən də uşaqlar arasında ölüm halları artır.
Bu günə qədər Qəzzada 88-i uşaq olmaqla 134 fələstinli aclıqdan ölüb.
Yerli və beynəlxalq dairələr İsrailin “aclıq və susuzluqdan silah kimi” istifadə etdiyini bildirir.
Əsas ləvazimatlardan məhrum olan məcburi köçkün fələstinlilər müvəqqəti çadırlarda və ya gigiyena ləvazimatlarının az olduğu, lavaboların qeyri-kafi olduğu və yoluxucu xəstəliklərin tüğyan etdiyi həddən artıq izdihamlı məktəblərdə sağ qalmaq üçün mübarizə aparır.
İsrail ordusu isə gündəlik hücumlarla köçkünlərin çadırlarını və mülki sığınacaqlarını bombalayır.
2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində ən azı 59 821 fələstinli ölüb, 144 851 nəfər yaralanıb.