Əsas səhifə » İsrailin İrana zərbələri nəticəsində həlak olanların sayı artıb

İsrailin İrana zərbələri nəticəsində həlak olanların sayı artıb

BAKI, AzerVoice

İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində həlak olanların sayı 1 062 nəfərə çatıb.

AzerVoice xəbər verir ki, bu barədə İran İslam Respublikasının Şəhidlər və Veteranlar Fondu rəhbəri Səid Ohadi dövlət televiziyasına açıqlamasında məlumat verib.

“Bu günə qədər biz 1 062 nəfəri dəfn etmişik. İsrailin cinayətləri nəticəsində 5 800 nəfər yaralanıb. Onlardan təxminən 100 nəfər hələ də xəstəxanadadır, 34 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir” – deyə, Ohadi bildirib.

Bundan əvvəl ölənlərin sayının 1 060, yaralananların isə 5 min nəfərdən çox olduğu açıqlanmışdı.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək rütbəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər həlak olub. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas çağırılmasını istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Digər Kateqoriyalar

2025 © Azervoice