BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi
7 oktyabr 2023-cü ildə “Qəzzəyə dəstək” və “cəbhələrin birliyi” şüarı ilə Livanı birtərəfli şəkildə müharibəyə sürükləyən Hizbullah, indi də İranla İsrail arasında başlayan yeni savaşda eyni addımı atacaqmı?
Müharibənin ilk saatlarından etibarən həm Prezident Cozef Aun, həm də Baş nazir Nəvvaf Salam Livanın neytrallığını vurğulayıb və ölkənin yenidən müharibəyə cəlb edilməsinin qarşısını almağa çağırıblar. Lakin ABŞ Prezidenti Donald Trampın “İran şərtsiz təslim olmalıdır” bəyanatından və ABŞ-ın müharibəyə birbaşa qoşulma ehtimalından sonra, İranın SEPAH qüvvələrindən və Hizbullaha yaxın mənbələrdən gələn açıqlamalarda partiyanın “ağır silahlarla” döyüşə qoşulmasının istisna olunmadığı bildirilir. Halbuki bu silahlar son Livan müharibəsi zamanı İsrailə qarşı istifadəyə verilməmişdi.
Siyasi və ictimai narazılıq artır
Bu ehtimallar Livandakı siyasi dairələrdə və cəmiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə də yeni prezidentin “sülh və müharibə qərarlarının yalnız dövlətin səlahiyyətində olacağı” barədə verdiyi vədlər fonunda, Hizbullahın hələ də özbaşına qərar verməsi kəskin tənqid olunur. Partiyanın yayımladığı son bəyanatda isə ABŞ-ın Ali Lider Əli Xameneiyə qarşı təhdidlərinə sərt cavab verilib və bu təhdid “müsəlmanlara qarşı hörmətsizlik” adlandırılıb.
Hizbullah: “Biz neytral deyilik”
“Biz neytral deyilik. İranın haqlı mübarizəsinin, onun
müstəqilliyinin və ABŞ-İsrail zorakılığına qarşı dirənişinin
yanındayıq. Biz bu ədalətsizliyin qarşısında İran rəhbərliyi və
xalqı ilə həmrəyik və mövqeyimizi uyğun şəkildə ifadə
edəcəyik.”-deyə Hizbullah Baş katibi Naim Qasım bildirib.
Bu açıqlamanın təkcə İsrailə deyil, eyni zamanda Livan daxilindəki
siyasi rəhbərliyə də mesaj olduğu qeyd olunur. Siyasi şərhçi Əli
Əminə görə, bu sözlər “Hizbullahın müharibəyə birbaşa daxil
olacağı” anlamına gəlmir, çünki bu addım təşkilat üçün intihar
olardı.
Əmin əlavə edir: “Qasımın bəyanatı ilə parlament sədri Nəbi
Berrinin ‘Livan müharibəyə girməyəcək’ bəyanatı arasında açıq fikir
ayrılığı var. Lakin bu fərq hələlik daha çox simvolik xarakter
daşıyır.”
Qərar Tehrandan verilir?
Siyasi tədqiqatçı Nəbil Xuri bildirib ki, Hizbullahın hələlik
döyüşə qoşulmaması onun zəifliyini göstərir. Son müharibədə aldığı
zərbələrdən sonra Hizbullahın hərbi və strateji çəkisi azalıb. İran
isə bu mərhələdə onu kənarda saxlamaqla vəziyyəti diplomatik yolla
həll etməyə çalışır.
“ABŞ münaqişəyə tam şəkildə qoşularsa və İran böyük məğlubiyyətə
yaxınlaşarsa, Tehran Hizbullaha əmri verəcək. Bu isə Livanda ciddi
fəlakətlə – xüsusilə cənub bölgəsinin dağıdılması və əhalinin
kütləvi köçü ilə nəticələnə bilər.”-deyə Xuri bildirib.
Əli Əmin də bildirir ki, Hizbullahın qərarı öz əlində deyil:
“Əsas qərar İranın Ali Liderindədir. Bu, dini deyil, siyasi itaət
sistemidir. Hizbullah bu mərhələdə müharibəyə təkbaşına girməz,
lakin əmr gələrsə, mütləq icra edəcək.”
Siyasi analitik Əsəd Bəşara isə hesab edir ki, İran uduzarsa, bütün
müttəfiqləri çökəcək
“Hizbullah bu müharibədə İranın tərəfində olduğunu dolayısı ilə bəyan edir və bu çox təhlükəlidir. Əgər İran rejimi uduzarsa, bu, onun bütün müttəfiqləri – o cümlədən Hizbullah üçün ‘rəhmət gülləsi’ olacaq. Belə bir vəziyyətdə Hizbullah istər-istəməz müharibəyə qoşulacaq.Dövlət bu təhlükənin qarşısını almaq üçün daha qətiyyətli addımlar atmalıdır. Prezident və hökumətin xəbərdarlıqları kifayət deyil. Çünki Hizbullahın İranla əlaqəsi çox güclüdür. Əgər Tehran göstəriş versə, bu əməl olunacaq – nəticələri nə olur-olsun.” - deyə, o qeyd edib.
Qeyri-qanuni silahların taleyi müharibədən asılı olacaq
İsrail–İran müharibəsindən əvvəl Livanda qeyri-qanuni silahların dövlət nəzarətinə verilməsi məqsədilə dialoq başlanmışdı. Prezident Aun və Fələstin lideri Mahmud Abbas bu prosesi dəstəkləmişdilər. Lakin müharibənin başlanması bu təşəbbüsə ciddi zərbə vurdu.
“ABŞ-ın göndərdiyi nümayəndə heyəti Livanda dövlət hakimiyyətinin tam şəkildə qurulmasının vacibliyini vurğulayıb. Dövlətin nəzarəti olmadan beynəlxalq dəstək və ya münasibət normallaşması mümkün deyil. Lakin Hizbullah bu prosesi real şəkildə dəstəkləmir.”-deyə siyasi analitik Bəşara qeyd edib.
Əli Əmin isə hesab edir ki, “15 iyun tarixində konkret addım atılmalı idi, lakin bu baş vermədi. Fələstin düşərgələrindəki silahlar məsələsi belə öz həllini tapmayıb. Hizbullahın silahları isə daha mürəkkəb məsələdir və bu yalnız müharibənin nəticəsinə görə həll olunacaq. İran qalib gəlsə, proses təxirə düşə bilər. Lakin əgər İran məğlub olsa, Hizbullahın silah məsələsi danışıqların əsas gündəmi olacaq.