Əsas səhifə » BMT İranın Öhdəlikləri Pozduğunu Rəsmi Şəkildə Təsdiqlədi

BMT İranın Öhdəlikləri Pozduğunu Rəsmi Şəkildə Təsdiqlədi

BAKI, AzerVoice

Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) İranın nüvə öhdəliklərinə əməl etmədiyini rəsmən təsdiqləyib.

AzerVoice xəbər verir ki, bu qərar, agentliyin İdarə Heyəti tərəfindən qəbul olunaraq, 20 ildən sonra ilk dəfə İranın BMT səviyyəsində rəsmi şəkildə öhdəlik pozuntusu ilə ittiham olunması anlamına gəlir.

Bu addım İranla Qərb arasında yeni gərginlik dalğasına yol aça və 2025-ci il ərzində Tehrana qarşı BMT sanksiyalarının bərpası ilə nəticələnə bilər.

Agentliyin qapalı iclasında keçirilən səsvermədə 19 ölkə qərarın lehinə səs verib. Rusiya, Çin və Burkina Faso sənədə qarşı çıxıb, 11 ölkə bitərəf qalıb, 2 ölkə isə ümumiyyətlə səsverməyə qatılmayıb.

Qəbul edilən qərar layihəsi Fransanın, Almaniyanın, Böyük Britaniyanın və ABŞ-ın birgə təşəbbüsü ilə hazırlanıb. Layihədə İran hökumətinə, nüvə obyektləri kimi bəyan olunmamış müxtəlif yerlərdə aşkarlanan uran izləri ilə bağlı uzun müddətdir davam edən araşdırmalara “gecikmədən cavab verməsi” çağırışı yer alır.

Qərb diplomatları hesab edirlər ki, tapılan uran izləri İranın 2003-cü ilə qədər gizli nüvə silahı proqramına sahib olduğuna dair ciddi sübut ola bilər.

İran hökuməti hələlik səsverməyə rəsmi cavab verməyib. Lakin diplomatik mənbələr bildirir ki, Tehran dərhal cavab addımları atacağı ilə bağlı xəbərdarlıq edib.

Digər Kateqoriyalar

2025 © Azervoice