BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp İsrailin İrana hücum edəcəyi tarixi əvvəlcədən bildiyini bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə deyib.
“Tarixi hər zaman bilirdim. Çünki mən hər şeyi bilirəm” - deyə, Tramp qeyd edib.
O, həmçinin, əlavə edib ki, İranın Tehran nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün “əla şansı” olub, lakin bu ölkə ABŞ tərəfindən təklif olunan sazişi qəbul etməyib.
Daha əvvəl Tramp bildirmişdi ki, ABŞ İsraili dəstəkləyir və İsrailin İran ərazisinə endirdiyi zərbələri çox uğurlu hücum kimi qiymətləndirir. Onun sözlərinə görə, İran rəhbərliyi onun xəbərdarlıqlarına diqqət yetirməliydi.
“Onlara 60 günlük xəbərdarlıq vermişdim. Bilmirəm bunu bilirsinizmi, amma bu gün artıq 61-ci gündür” - deyə, Tramp qeyd edib.
Xatırladaq ki, İsral Hərbi Hava Qüvvələri bugün səhər saatlarında İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.