Əsas səhifə » Malayziya və Azərbaycan universitetləri strateji əməkdaşlıq istiqamətlərini müzakirə edir

Malayziya və Azərbaycan universitetləri strateji əməkdaşlıq istiqamətlərini müzakirə edir

BAKI, AzerVoice

Aprelin 26-da Radisson oteldə Malayziya və Azərbaycan universitetləri rektorlarının görüşü baş tutub.

AzerVoice xəbər verir ki, tədbirdə iki ölkənin ali təhsil qurumları arasında mövcud əməkdaşlıq müzakirə olunub, tələbə və akademik heyət mübadiləsi, qarşılıqlı öyrənmə və birgə proqramlarla bağlı təkliflər dinlənilib.

Tədbiri giriş sözü ilə açan Malayziyanın Azərbaycan Respublikasındakı səfiri Ahmad Kamrizamil bin Mohd Riza Malayziya və Azərbaycan arasında əməkdaşlıq münasibətləri, təhsil sahəsində Malayziyanın qlobal mövqeyi və üstünlüklərindən söz etmişdir.

“Hazırda biz 150-dən çox ölkədən olan 133,413 beynəlxalq tələbəyə ev sahibliyi edirik. Bizim ali təhsil qurumları kompyuter texnologiyaları, mühəndislik, tibb, biznes, islam maliyyəsi və qonaqpərvərlik kimi sahələrdə geniş proqramlar təklif edirlər”- deyə, səfir qeyd edib.

Xaricdə təhsil – qloballaşan dünyanın tələbidir adlı ilk sessiyada çıxış edən Malayziyanın Ali Təhsil Nazirinin xüsusi müşaviri Datuk Ahmad Shalimin Ahmad Shaffie Malaysiyada təhsilin keyfiyyəti, praktikliyi və əlçatanlılığı barədə danışıb.

“Bu gün elmin sərhədləri aşdığı və qlobal problemlərin mədəniyyətlərarası əməkdaşlıqdan asılı olduğu bir dünyada açıq-aydın bir həqiqət var: Xaricdə təhsil artıq seçim deyil, strateji bir zərurətdir” - deyə, müşavir vurğulayıb.

University College Sabah Foundation universitetinin rektoru Datuk Rafiq İdris öz çıxışında təşkilatçılara təşəkkür edərək, universitetlər arası tərəfdaşlıq layihələrinin əhəmiyyətindən bəhs edib.

Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov Bakı Dövlət Universitetində xarici əlaqələrin genişlənməsi istiqamətində hər il atılan önəmli addımlardan danışıb.

“İkitərəfli sazişlərin imzalanması birgə təcrübə və təsisatlar ilə bağlı tələbələr və akademik heyət arasında mübadiləni genişləndirir. BDU-də ikili diplom proqramları istiqamətində əlaqələr genişləndirir” – deyə, Şahin Pənahov qeyd edib.

Sual-cavab sessiyasında İbad Abbasov Malayziya universitetlərinin üstünlük səbəbləri və təhsil sahəsində düynadakı yüksək mövqelərinin səbəbləri, eyni zamanda azərbaycanlı tələbələr üçün təqaüd imkanları barədə sual verib. Sualı cavablandıran Malayziyanın Ali Təhsil Nazirinin xüsusi müşaviri Datuk Ahmad Shalimin Ahmad Shaffie ölkənin təhsil sisteminin Britaniya təhsil sisteminə əsaslanması, xarici, o cümlədən azərbaycanlı tələbələr üçün bir çox təqaüd imkanlarının mövcudluğunu qeyd edib. Sumqayıt Dövlət Universitetinin rektoru Əminağa Sadıqov Malayziya universitetlərinin praktiki təhsil proqramlarını vurğulayıb.

“2008-ci ildə elmi konfrans çərçivəsində Malayziyaya səfərim zamanı bunun şahidi olmuşam” – deyə, Əminağa Sadıqov bildirib.

O, eyni zamanda qeyd edib ki, xaricdə təhsil təkcə nəzəri biliklərin alınması deyil, multikultural dəyərlərə yiyələnmək üçün də vacibdir.

"Malayziya çox mülayim ölkə olduğu qədər, insanları da o qədər xoş niyyətlidirlər” – deyə, Sadıqov əlavə edib.

Qarşılıqlı öyrənmə, akademik mübadilə və əməkdaşlıq adlı 2-ci sessiyada ADNSU rektoru Rüfət Əzizov, Malayziyanın UTM universitetinin rəhbər heyətindən Haliza Binti Abdul Hamid, IIUM universitetinin rəhbər heyətindən Prof. Dr. Amir Akramin Shafie və Azərbaycan İlahiyyat İnstitutunun rəhbər heyətindən Elnurə Əzizova çıxış ediblər.

Sessiya zamanı ölkələr arası tələbə, akademik heyət arasında mübadilə, qarşılıqlı öyrənmə üçün predmetlər və effektiv əməkdaşlıq üçün mexanizmlər müzakirə olunub.

ADNSU rektoru Rüfət Əzizov rəhbərlik etdiyi universitetdə təhsil proqramının praktiki və gündəmdə olması üçün sənaye şirkətləri ilə sıx əməkdaşlıq etdiyini bildirib. Rüfət Əzizov eyni zamanda Malayziya və Azərbaycan universitetləri arasında əməkdaşlığın intensivləşdirilməsi üçün tətqiqat layihələrinə start verilməsi təklifi ilə çıxış edib.

Malayziyanın UTM universitetinin nümayəndəsi Haliza Binti Abdul Hamid universitetin beynəlxalq QS reytinqindəki çox yüksək mövqeyini qeyd etmiş, akademik və tədqiqat sahəsində universitetin sənaye qurumları ilə əməkdaşlığından söz açıb. Xanım Haliza UTM-də tələbələr üçün geniş mübadilə proqramlarının olduğunu da vurğulayıb.

İİUM nümayəndəsi Prof. Dr. Amir Akramin Shafie əlavə olaraq savadlı tələbələr üçün universitet tərəfindən təmin edilən çoxsaylı təqaüdlərdən danışıb.

Azərbaycan İlahiyyat İnstitutunu təmsil edən Elnurə Əzizova Malayziya ilə əməkdaşlıq münasibətlərinin ilk gündən prioritet olduğunu qeyd edib.

“Əməkdaşlığımızın ilk dövrlərindən 2019-cu ildə biz İİUM universiteti ilə əməkdaşlıq memorandumu imzalamışıq. 2023-cü ildə isə Azərbaycan İlahiyyat İnstitutu UKM universiteti ilə əməkdaşlıq memorandumu imzalamışdır. Hazırda beynəlxalq İslam Universitetində bizim 3 tələbəmiz magistr təhsilini davam etdirir” – deyə, Elnurə xanım bildirib.

Növbəti mərhələdə həm Azərbaycan, həm də Malayziyada oxşar tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdən sonra universitet rektorları və rəhbər heyət Malayziya Təhsil Sərgisinin açılışında iştirak ediblər.

Qeyd edək ki, Malayziyanın 7 universiteti 2025-ci ildən etibarən Azərbaycan Xaricdə təhsil proqramına daxil edilib. Tələbələr bu geniş imkandan istifadə edərək, keyfiyyətli təhsilin olduğu Malayziyada tam təqaüdlü təhsil ala bilərlər.

Digər Kateqoriyalar

2025 © Azervoice