BAKI, AzerVoice
Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun tarixi hələ müəyyən edilməyib, lakin tərəflər fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində davamlı əlaqə saxlayır.
AzerVoicexəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O xatırladıb ki, Rusiya-ABŞ münasibətlərindəki “qıcıqlandırıcılar”la bağlı artıq iki raund məsləhətləşmələr baş tutub. Onun sözlərinə görə, üçüncü raund planlaşdırılsa da, “Amerika tərəfi onu təxirə salıb”.
“Bütün gözlənilən nəticələrə təbii ki, nail olunmayıb, çünki Bayden-Obama dönəmində çox şey dağıdılıb. Bəzi ilkin və aralıq nəticələr əldə olunub, müəyyən məsələlərin həllinə nail olunub, lakin hələ çox iş görülməlidir” – deyə, o qeyd edib.
Onun sözlərinə görə, Rusiya və ABŞ heç vaxt rəsmi diplomatik münasibətləri kəsməyib. Amma Bayden və Obama rəhbərliyi dövründə “elə addımlar atılıb ki, qarşılıqlı diplomatik status formaca saxlanılsa da, Rusiya səfirliklərinin, konsulluqlarının, ticarət nümayəndəliklərinin və KİV-lərin fəaliyyəti maksimum dərəcədə çətinləşdirilib”.
Zaxarova həmçinin qeyd edib ki, ABŞ tərəfinin münasibətlərin
bərpasına marağı aydın görünür:
“Bunu onların nümayəndələri müxtəlif sahələrdə – vətəndaş
cəmiyyətində, biznesdə açıq şəkildə ifadə edirlər. Əlbəttə ki, bu
dərhal baş verə bilməz, lakin bu istiqamətdə maraq açıq şəkildə
mövcuddur.”