BAKI, AzerVoice
Küveytin Maliyyə Nazirliyi, ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr fonunda ölkədəki hökumət binalarında sığınacaqlar qurduğunu açıqlayıb.
AzerVoice xəbər verir ki, bu barədə nazirliyin X sosial şəbəkəsində yaydığı bəyanatda məlumat verilib.
Qeyd olunub ki, fövqəladə vəziyyət zamanı hökumətin fəaliyyəti və dövlət xidmətlərinin davamlılığı üçün nəzərdə tutulan bu sığınacaqlar 900 nəfərlik tutuma malikdir. Nazirlik, həmçinin maliyyə institutlarının əməkdaşlarını distant iş rejiminə keçirmək məqsədilə xüsusi informasiya sisteminin işə salındığını da bildirib.
“Nazirlik fövqəladə hallarda fəaliyyət planını daimi olaraq yeniləyir və aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə işləyir” - deyə, bəyanatda bildirilib.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri iyunun 22-ə keçən gecə İran ərazisində yerləşən Fordo, Nətənz və İsfahan nüvə obyektlərinə hava zərbələri endirib. Hücum nəticəsində hər üç nüvə obyektinin məhv edildiyi qeyd olunub.