
BAKI,AzerVoice, Fərid Mikayılov
Mütəxəssislər qlobal temperatur artımının indiyədək qəbul edilən proqnozlardan xeyli sürətlə getdiyini müəyyən edərək iqlim dəyişikliyi ilə bağlı ciddi xəbərdarlıq ediblər. Alimlər təcili “toparlanma planı”nın hazırlanmasına çağırır, bildirirlər ki, dünya həm qlobal isinmənin real sürətini, həm də bunun iqtisadi nəticələrini ciddi şəkildə qiymətləndirməyib.
Böyük Britaniyanın Exeter Universitetinin hazırladığı yeni hesabatda qlobal temperaturun əvvəlki elmi modellərdə nəzərdə tutulduğundan daha sürətlə artdığı vurğulanır. Hesabata əsasən, mövcud tendensiyalar davam edərsə, Yer kürəsinin 2050-ci ildən əvvəl sənayeöncəsi dövrlə müqayisədə 2 dərəcədən artıq isinməsi artıq yüksək ehtimal kimi qiymətləndirilir.
Mütəxəssislər bildirirlər ki, bu templə gedən istiləşmə qlobal miqyasda cəmiyyətlər və iqtisadiyyatlar üçün “fəlakətli” nəticələrə yol aça bilər. Xüsusilə su və ərzaq sistemlərində ciddi pozuntular, miqrasiyanın artması və insan sağlamlığına böyük risklər gözlənilir.
“Parasol Lost” adlı hesabatda temperatur artımının sürətlənməsinin əsas səbəblərindən biri kimi “aerozol soyutması”nın azalması göstərilir. Hava çirkliliyinin yaratdığı bu gizli “günəş kölgəsi” effekti indiyədək təxminən 0,5 dərəcə istiləşməni kompensasiya edib. Lakin dünya ölkələri çirkləndirici mənbələri azaltmağa başladıqca bu effekt zəifləyir və nəticədə istiləşmə daha aydın şəkildə üzə çıxır.
Araşdırma müəllifləri əlavə edirlər ki, prosesin bu qədər sürətlənməsi Yer kürəsinin istixana qazlarına qarşı həssaslığının gözləniləndən daha yüksək olması ilə də bağlıdır. Bu həssaslıq emissiyaların sənayeöncəsi dövrlə müqayisədə ikiqat artması halında orta səth temperaturunun nə qədər yüksələcəyini ifadə edir.
Hesabatda qeyd olunur ki, siyasətçilər və maliyyə qurumları iqlim dəyişməsinin yaratdığı inflyasiya risklərini, maliyyə “şoklarını” və sığorta şirkətlərinin gözləniləndən daha tez yüksək riskli regionlardan çəkilmə ehtimalını yetərincə nəzərə almırlar. Bu amillər qlobal maliyyə sisteminin dayanıqlığını ciddi şəkildə sarsıda bilər.
Əvvəlki iqtisadi modellər temperaturun 3 dərəcə artması halında iqlimlə bağlı zərərin qlobal ÜDM-in cəmi 2,1 faizi səviyyəsində qalacağını, 6 dərəcəlik artımda isə bu göstəricinin 8 faizdən az olacağını proqnozlaşdırırdı. Lakin Böyük Britaniyanın İqlim üzrə Maliyyə Riskləri Forumunun son təhlili göstərir ki, şirkətlər artıq beşillik dövrdə qlobal ÜDM-in 15–20 faiz azalmasına səbəb ola biləcək ciddi iqlim və təbiət şoklarını “real ssenari” kimi qiymətləndirə bilərlər.
Alimlər bildirirlər ki, bu fərqin əsas səbəbi bir çox iqtisadi proqnozların dəniz səviyyəsinin yüksəlməsi, okeanların turşulaşması və ekosistemlərin dağıdılması kimi riskləri yetərincə nəzərə almamasıdır.
Hesabatın aparıcı müəlliflərindən və davamlılıq şurasının üzvü Sandi Trast bildirir ki, dünya artıq təxirəsalınmaz toparlanma planına ehtiyac duyur.
Onun sözlərinə görə, mövcud kurs dəyişdirilməzsə, iqlimlə bağlı zərərlər iqtisadi artımı və gələcək rifahı birbaşa təhdid edəcək. Trast bu vəziyyətlə 2008-ci il Qlobal Maliyyə Böhranı ərəfəsində risklərin düzgün idarə olunmaması arasında açıq paralellər olduğunu vurğulayır.
Avropada aparılan hesablamalar da vəziyyətin ciddiliyini göstərir. Mütəxəssislər qeyd edirlər ki, 2025-ci ildə müşahidə olunan ekstremal yay hava şəraiti artıq qısamüddətli perspektivdə azı 43 milyard avro iqtisadi itkiyə səbəb olub və bu məbləğin 2029-cu ilə qədər 126 milyard avroya çatacağı gözlənilir. Bu itkilər 2024-cü ildə Avropa İttifaqının ümumi iqtisadi məhsulunun təxminən 0,26 faizinə bərabərdir.