Əsas səhifə » Alimlər sıfırdan insan DNT-si yaradır

Alimlər sıfırdan insan DNT-si yaradır

BAKI, AzerVoice

İ
nsan DNT-sini sıfırdan sintez etmək məqsədilə həyata keçirilən beynəlxalq elmi layihə rəsmi olaraq başlayıb. Dünyada ilk dəfə həyata keçiriləcək bu təşəbbüs Wellcome Trust tərəfindən maliyyələşdirilir və gələcəkdə insan sağlamlığı sahəsində inqilabi dəyişikliklər vəd edir. Lakin eyni zamanda etik və təhlükəsizlik məsələləri ilə bağlı ciddi suallar doğurur.

Layihə çərçivəsində alimlər insan DNT-sinin böyük hissələrini laboratoriyada sintez edərək, genetik xəstəliklərin müalicəsində yeni yollar tapmaq, orqan bərpası və immunitet sisteminin yenidən qurulması kimi məqsədlərə çatmağa çalışacaqlar.

Elm tarixi üçün sıçrayış

Layihənin iştirakçılarından biri, Kembricdəki MRC Molekulyar Biologiya Laboratoriyasının tədqiqatçısı Dr. Julian Sale bu tədqiqatın “biologiyada nəhəng sıçrayış” olduğunu bildirir. Onun sözlərinə görə, alimlər ilk mərhələdə sintetik insan xromosomu yaratmaq və bu xromosom vasitəsilə xəstəliklərə qarşı davamlı hüceyrələr inkişaf etdirmək niyyətindədirlər.

Etik narahatlıqlar və texnologiyanın sui-istifadəsi riski

Lakin layihə tənqidlərdən də kənar deyil. “Beyond GM” kampaniyasından Dr. Pat Thomas xəbərdarlıq edir ki, süni DNT texnologiyası qeyri-etik alimlər tərəfindən “sintetik insanlar” yaratmaq və ya bioloji silahlar hazırlamaq üçün istifadə oluna bilər. Bu riskə görə layihənin gələcəkdə necə tənzimlənəcəyi böyük əhəmiyyət daşıyır.

Edinburq Universitetindən professor Bill Earnshaw isə bildirir ki, “gen şüşədən çıxdı” və texnologiyanın artıq qarşısının alınması mümkün deyil. Onun fikrincə, məsələ artıq təkcə elmi deyil, həm də hüquqi və ictimai nəzarət məsələsidir.

Məqsəd yalnız sağlamlıq deyil

Layihə yalnız tibbi yenilikləri deyil, eyni zamanda genetik məlumatın sahibliyi və istifadəsi ilə bağlı hüquqi və etik sualları da gündəmə gətirir. “Əgər sintetik insanlar yaradılsa, onlara kim sahib olacaq? Onların DNT-si kimə məxsus olacaq?” – bu və digər sualları alimlər artıq indi müzakirəyə çıxarırlar.

Cəmiyyətin fikri nəzərə alınacaq

Bu məqsədlə Kent Universitetindən professor Joy Zhang paralel olaraq sosial tədqiqat aparacaq. O, ictimaiyyətin və sosial elm mütəxəssislərinin bu texnologiyaya münasibətini və narahatlıqlarını öyrənəcək.

Qeyd edək ki, layihə hələki yalnız laboratoriya səviyyəsində DNT-nin müəyyən hissələrinin sintezi üzərində fokuslanacaq və real insan embrionlarına müdaxilə edilməyəcək. Bununla belə, texnologiyanın potensialı o qədər böyükdür ki, məsuliyyətli idarəetmə və ictimai nəzarət olmadan fəsadlar doğura bilər.

Digər Kateqoriyalar

2025 © Azervoice