BAKI, AzerVoice
"AnTuTu" bençmarkının hazırladığı iyun ayının nəticələrinə əsasən, ən güclü on Android smartfonun siyahısı təqdim olunub.
AzerVoice-un məlumatına görə, birinci yeri gücləndirilmiş "Snapdragon 8 Elite" prosessoru ilə təchiz olunmuş oyun smartfonu "Nubia RedMagic 10S Pro+" tutub. Bu model orta hesabla 2,9 milyon xal toplayıb.
İkinci və üçüncü yerlərdə "Vivo X200 Ultra" və "Oppo Find X8 Ultra Satellite Edition" modelləri qərarlaşıb. Hər iki cihaz "Snapdragon 8 Elite" prosessoru ilə 2,88 milyon xal əldə edib.
Dördüncü pillədə "MediaTek Dimensity 9400+" çipi ilə təchiz olunmuş "Vivo X200s" yer alıb. Bu modelin göstəricisi 2,87 milyon xaldır.
Beşinci yerdən yeddinciyə qədər olan smartfonların sıralaması belədir: "iQOO Neo10 Pro+" (2,86 milyon xal), "Honor GT Pro" (2,84 milyon xal) və "OnePlus Ace 5 Pro" (2,72 milyon xal). Onların hamısında Snapdragon 8 Elite prosessoru istifadə olunub, bəzilərində isə bu çipin gücləndirilmiş versiyası mövcuddur.
Siyahının sonunda "OnePlus 13" (2,71 milyon xal), "iQOO 13" (2,7 milyon xal) və "Dimensity 9400+" çipli "Redmi K80 Ultra" (2,66 milyon xal) yer alıb.
"AnTuTu" qeyd edir ki, reytinqə daxil olan cihazlar əsasən Çin bazarı üçün nəzərdə tutulub. Bəzi modellər qlobal satışda olsa da, beynəlxalq reytinq bu siyahıdan fərqli görünə bilər.