BAKI, AzerVoice
Elm ölümü “işıqla” qeydə alıb - Vücudumuz ölüm anında solğun bir parıltı yayır.
AzerVoice xəbər verir ki, Kanadada
aparılan elmi araşdırma canlı orqanizmlərin ölüm anında “biyofoton”
adlandırılan zəif bir işıq saçdığını ortaya qoyub.
Calgary Universiteti və Kanada Milli Tədqiqat Şurasının alimləri
tərəfindən aparılan tədqiqatda siçanlar və bəzi bitki növləri
üzərində müşahidələr aparılıb.
Fizikçi Vahid Salari və komandası canlı orqanizmlərin “ultra zəif foton emissiyası” (UPE) adlı işıq yaydığını və bu işığın həyat sona çatdıqda tamamilə yox olduğunu müəyyən edib. Tədqiqatçılar bu işığın istilik deyil, hüceyrə stresinin nəticəsi olduğunu və bədənin reaktiv oksigen növlərinin artması ilə əlaqəli ola biləcəyini bildirirlər.
Siçanlar üzərində aparılan təcrübədə heyvanlar əvvəlcə qaranlıq kamerada izlənilib, sonra ötanazi edilərək eyni şəraitdə təkrar görüntüləniblər. Ölümdən sonra yayılan işığın kəskin şəkildə azaldığı təsbit olunub. Eyni metod Arabidopsis thaliana və Heptapleurum arboricola kimi bitkilərə də tətbiq olunub. Stres altında olan bitkilərin də parıltısında artım qeydə alınıb.
Araşdırmanın nəticələri The Journal of Physical Chemistry Letters jurnalında dərc olunub. Alimlər bildirirlər ki, bu zəif işıq gələcəkdə insan və heyvan orqanizmlərində stress və sağlamlıq səviyyəsinin qeyri-invaziv üsullarla monitorinqində istifadə oluna bilər.
Qeyd edək ki, “biyofoton” fenomeni daha əvvəl bəzi çevrələrdə fövqəltəbii iddialarla əlaqələndirilmişdi. Lakin bu araşdırma ilk dəfə mövzunu elmi əsaslarla gündəmə gətirərək yeni perspektivlər açır.