Əsas səhifə » Qan təzyiqinə nəzarət demensiya riskini azaldır

Qan təzyiqinə nəzarət demensiya riskini azaldır

BAKI, AzerVoice

Yeni bir elmi araşdırma yaşlandıqca qan təzyiqinə nəzarət etməyin demensiya (ağıl zəifliyi) və idrak pozuntuları riskini əhəmiyyətli dərəcədə azaltdığını ortaya qoyub.

Bu, demensiya üçün məlum bir müalicənin olmadığı bir dövrdə "dönüm nöqtəsi" kimi qiymətləndirilir.

Çinin kənd bölgələrində aparılan və Nature Medicine jurnalında dərc olunan tədqiqata 34 min nəfərdən çox yüksək təzyiqli şəxs cəlb olunub.

Onların bir qrupuna dərman və məsləhətlər verilib, digərinə isə standart tövsiyələrlə kifayətlənilib. Nəticədə dərman və nəzarətli təlim alan qrupda demensiya riski 15 faiz, idrak pozuntusu riski isə 16 faiz aşağı olub.

Tədqiqatçılar bildiriblər ki, qan təzyiqinə intensiv nəzarət demensiyanın qarşısını almaqda effektiv ola bilər.

Oksford Universitetindən professor Masud Husain araşdırmanı “beyni qorumaq üçün yüksək təzyiqin müalicəsində çağırış siqnalı” adlandırıb. London St George’s Universitetindən professor Atticus Hainsworth isə nəticələrin digər ölkələrdə aparılan tədqiqatlarla uyğun olduğunu qeyd edib və bu nəticələrin səhiyyə sistemlərinə inteqrasiya oluna biləcəyini deyib.

Tədqiqatda həmçinin qeyd olunub ki, demensiyanın qarşısını almaq üçün yalnız tibbi müdaxilələr deyil, siqaretdən imtina, fiziki aktivlik və sağlam qidalanma kimi həyat tərzi dəyişiklikləri də mühüm rol oynayır.

Digər Kateqoriyalar

2025 © Azervoice