BAKI, AzerVoice
Yeməklərin növü və tərkibi qədər yemək yemə sürəti də sağlamlıq baxımından mühüm rol oynayır. Mütəxəssislər xəbərdarlıq edir ki, 20 dəqiqədən az müddətdə yeməyinizi bitirirsinizsə, bu vərdiş bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
ABŞ-ın Klivlend Klinikasının Davranışsal Sağlamlıq Mərkəzindən Lesli Heynberq bildirib ki, mədənin doydğunu beyinlə bölüşməsi təxminən 20 dəqiqə çəkir.
“İnsanlar sürətli yeyəndə, bədənə doyma siqnalları çatmadan artıq qida qəbul edir. Bu da artıq yeməyə və çəki artımına gətirib çıxarır”- deyə o bildirib.
Heynberqin sözlərinə görə, sürətli yemək yeyən insanlar daha çox hava uda bilər, bu isə şişkinlik və həzmsizlik yaradır. Həmçinin, düzgün çeynənməyən qidalar həzm sistemini çətinləşdirir və bədən qidanın tam faydasını ala bilmir.
Mütəxəssislər daha yavaş yemək üçün bir sıra tövsiyələr verir:
- Televizor və telefon kimi diqqət yayındırıcı amillərdən uzaq durun
- Dominant olmayan əlinizlə yeməyə çalışın
- Çubuq, qaşıq kimi fərqli vasitələr istifadə edin
- Yemək zamanı fasilə verin, su için
Ekspertlər vurğulayır ki, çox emal olunmuş, yumşaq teksturalı qidalar daha tez yeyildiyi üçün onların istifadəsini də nəzarətdə saxlamaq vacibdir.